Reklamlarda pozulan dil qaydaları: “Müəssisə orfoqrafik yanlışlara görə məsuliyyət daşıyır”

“Əlbəttə ki, vətəndaş reklam yazısını hazırlayanda səhvlərə yol verə bilər”.

Bu fikirləri reklam lövhələrində orfoqrafik qaydalara əməl edilməməsi hallarının artmasına münasibət bildirən Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, belə hallarla mübarizə aparan və nəzarət edən qurum mövcuddur:

“Reklam lövhələrində olan orfoqrafik səhvlərə Reklam Agentliyi öz müdaxiləsini edir. Qanunvericiliklə bütün proseslər tənzimlənir. Əgər reklam lövhəsinin yazısında, quraşdırılmasında səhvlik varsa, agentlik diqqət etməlidir.

Əlbəttə ki, vətəndaş reklam yazısını hazırlayanda səhvlərə yol verə bilər. Lakin səhvlərə nəzarət edən qurum bununla bağlı monitorinqlər keçirməli, tədbirlər görməlidir. Bu səhvlərin biznesə, təbii ki, təsiri var. Təsəvvür edin ki, hansısa bir reklam qurumu səhv yazılarla müəssisəyə lövhə hazırlayıb. Bu zaman həmin o lövhə hazırlayan qurumun, lövhəni təhvil alan müəssisənin məsuliyyəti, qeyri – peşəkarlığı məlum olur. Orfoqrafik səhərə görə cərimə qanunvericilikdə mövcuddur. Reklamı yerləşdirən müəssisə orfoqrafik yanlışlara görə məhsuliyyət daşıyır”.

Lamiyə Dərgah