“Cari il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ölkəmizin və cəmiyyətimizin həyatında xüsusi önəm daşıyır”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında tarix elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov deyib.
Rektor bildirib ki, bu önəmi bir neçə aspektdən şərtləndirmək mümkündür.
“Əvvəla, bu parlament seçkiləri 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz və 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi ilə 30 ildən sonra ilk dəfə bütün ölkə ərazisini əhatə edəcək ilk parlament seçkiləridir. Artıq Xankəndidə, Şuşada, Laçında, Füzulidə qurulan seçki məntəqələri bütöv Azərbaycanın deputatlarını seçmək üçün seçiciləri qarşılamağa hazırdır.
Digər tərəfdən, seçiləcək növbəti parlament qalib ölkənin və yeni dövrün parlamenti olacaq. Vətən müharibəsindəki qələbədən sonra ölkədə və dünyada formalaşan yeni ictimai-siyasi şəraitin tələbləri, ölkəmizin beynəlxalq miqyasda artan dəyəri fonunda qurulacaq yeni parlamentin önəmi bir daha aydın olur.
Belə demək mümkünsə, öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edən xalqımız sentyabrın 1-də yeni dövrün – Zəfərin parlamentini seçəcək.
Əminik ki, seçkilər nəticəsində formalaşdırılacaq Milli Məclisin növbəti – VII çağırışı hüquqi dövlət quruculuğu işinin və hüquqi tənzimləmələrin mükəmməl səviyyədə inkişafını təmin edəcək”.