Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Rektorlar öz universitetlərinə kolxoz kimi baxmamalıdırlar” – Reytinq böhranı - VİDEO

“Dünyanın heç bir ölkəsində universitetlərə Azərbaycandakı qədər dövlət vəsaiti ayrılmır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan universitetlərinin sonuncu beynəlxalq reytinq siyahısında 3-cü minliyə belə düşə bilməmələrinin səbəblərindən danışan təhsil eksperti Kamran Əsədov deyib.

Dünya universitetlərinin növbəti reytinq siyahısı Azərbaycan üçün daha bir qanqaraldıcı mənzərəni tam çılpaqlığı ilə ortaya qoyub. Açıqlanan reytinqdə Azərbaycan universitetlərinin adı siyahının 4-cü minliyindən sonra başlayır. Konkret desək, dünya reytinqində “ən yaxşı mövqe”də qərarlaşan Bakı Dövlət Universiteti (BDU) 3 min 675-ci pillədədir.

Təhsil eksperti Kamran Əsədov Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycan universitetlərinin beynəlxalq reytinqin “zirzəmi”sində yerləşmələri ali təhsil müəssisələrinin rəhbərlərinin və Təhsil Nazirliyinin bu istiqamətdə heç bir iş görməmələri ilə bağlıdır:
“Bu gün Azərbaycan universitetlərinin dünya reytinqində yer tuta bilməmələrinin səbəbi ondan ibarətdir ki, ali məktəblərin rəhbərləri qarşıya belə bir məqsəd qoymurlar, buna can atmırlar. Universitetlərin Beynəlxalq əlaqələr şöbəsinin, o cümlədən, Təhsil Nazirliyinin bu istiqamətdə fəaliyyəti və rolu demək olar ki, yoxdur.

Universitetlərin dünya reytinqinə düşmələri üçün hansı meyarlar tələb olunur? Çox təəssüf ki, Təhsil Nazirliyi universitetlər qarşısında bu tələbi qoymur. Nəticədə isə Azərbaycan universitetləri beynəlxalq reytinqdə heç ilk üç minliyə də düşə bilmirlər.

Universitetlər dünya miqyasında hansı kriteriyalar üzrə tanınırlar? Burada ilk məqam konkret bir universitetdə nə qədər xarici tələbənin təhsil almasıdır. Xaricdən tələbə axını nə qədər çox olarsa, universitetin maliyyə dayanıqlılığının təmin edilmə məsələsi də öz həllini tapır.

Hazırda Azərbaycanda 164 min tələbənin oxuduğu 54 ali təhsil məktəbi fəaliyyət göstərir. Onların heç biri dünya reytinqində birinci, ikinci və heç üçüncü minliyə düşə bilməsələr də, bizim universitetlərdə təhsil haqqı dünya reytinqində yer tutan bir çox universitetlərdə olduğundan bahadır.

Ancaq bizim universitetlərin potensialı var axı… Təsəvvür edin, ərazisi bizim Bakının yarısı qədər olan Sinqapur universitetləri dünya reytinqində ön yerlərdə qərarlaşıblar.

Bunun səbəblərinə baxsaq, qeyd olunmalıdır ki, universitetlərimizin çoxunun yataqxanası yoxdur, orada dərs deyən müəllimlərin əksəriyyətinin dünya miqyasında təqdim olunan tədqiqatları, elmi işləri yoxdur… Bunların hamısı üzərlərində ciddi şəkildə düşünməli olduğumuz məsələlərdir. Rektorlar idarə etdikləri universitetlərə kolxoz kimi baxmamalıdırlar. Universitet idarəçiliyi fərqli olmalıdır.

Universitetlər əmək bazarının tələbinə cavab verən kadrlar, eyni zamanda elmə töhfə verəcək tədqiqatçılar hazırlamalıdır. Ancaq bizim universitetlərimiz nə daxili, nə də beynəlxalq əmək bazarının tələbinə cavab verən kadrlar hazırlayır… Baxmayaraq ki, dünyanın heç bir ölkəsində universitetlərə Azırbaycandakı qədər dövlət vəsaiti ayrılmır.

Yenə deyirəm, universitetlər menecerlər tərəfindən və fərqli formatda idarə olunmalıdır. Lakin biz bunun heç birini görmürük. Universiteti dədələrinin obyekti kimi idarə edirlər, gələn kimi qohum-əqrabalarını yığırlar universitetə və yekun nəticədə uduzan Azərbaycan təhsili olur. Prezidentin bununla bağlı müvafiq sərəncamları olsa da, sanki heç kəs bu işlərin irəliləməsində maraqlı deyil. Halbuki, Azərbaycanda istənilən universiteti maksimum 3-4 ilə dünya reytinqində məqbul nöqtəyə gətirmək mümkündür. Lakin universitetlərimiz beynəlxalq arenaya çıxmaq üçün heç bir iş görmürlər”.

A.Zeynalov

www.yenicag.az

2102
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM