Rəqabət Məcəlləsi və “ölümsüz” MONOPOLİYA: “O sənədin qəbulu ilə inhisarçılığa son qoyulması…” – RƏY

“Məmur sahibkarlığına son qoyulmasa, bu məsələlər çətin düzələr”.

Bu fikirləri Azərbaycanda uzun müddətdir rəflərdə “tozlanan” Rəqabət Məcəlləsinin qəbul edilməsilə bu sənədin inhisarçılığa mümkün təsirini dəyərləndirən sabiq millət vəkili Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Rəqabət Məcəlləsi qəbul edilsə belə, bu addım ölkədə inhisarçılığa son qoyulması anlamına gəlməyəcək:

“Rəqabət Məcəlləsinin olub-olmaması Azərbaycanda monopoliyaya qarşı mübarizənin aktuallığını azaltmır. Bu Məcəllənin qəbulu ilə ölkədə inhisarçılığın aradan qalxacağını fikirləşmək yanlış düşüncədir. Çünki bizdə sadəcə kağız üzərində olan, icra edilməyən o qədər qanun var ki…

Bildiyiniz kimi, Rəqabət Məcəlləsi ilə uyğun olan antiinhisar fəaliyyəti haqqında qanunvericilikdə məmurların, deputatların, vəzifəli şəxslərin öz gəlirləri barəsində bəyannamə vermələri nəzərdə tutulsa da, bunun şahidi olmuruq. Belədə isə ictimaiyyət onların nə dərəcədə doğru-düzgün fəaliyyət göstərmələrinə qiymət verə bilmir. Ancaq bu və ya başqa bir məmur vəzifədən çıxarıldıqdan sonra onlara məxsus sərvət haqqında çox sayda materiallar yayımlanır.

Əvvəlki çıxışlarımda da demişəm, mövcud iqtisadi sistemdə rəqabət mühitinin yaxşılaşdırılması mümkün deyil. Təəssüf ki, ölkədə hüquq sistemi yox, münasibətlər sistemi “işləyir”. Kiminsə kiminləsə münasibəti yaxşıdırsa, qohumluq əlaqələri varsa, onun da işləməyinə şərait yaradılır. Onlar üçün nə Rəqabət Məcəlləsi, nə də başqa bir qanunun əhəmiyyəti yoxdur.

O baxımdan, mən bu məsələdə nikbin deyiləm və vəziyyətin düzələcəyini düşünmürəm. Yəni bu sahədə çox mütərəqqi bir qanun qəbul olunsa da, məmur sahibkarlığına son qoyulmasa, bu məsələlər çətin düzələr”.

A.Zeynalov