Rəqabətsiz bazar və artan BAHALAŞMA: “Antiinhisar qanununun hələ də qəbul edilməməsi…” – ŞƏRH

“Bayram ərəfəsindən başlayaraq bu günə qədər bazar və marketlərdə qiymətlərdə 6-8 faiz artım var və çox güman ki, bu templə də davam edəcək”.

Bunu Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bayram günlərində bazar və marketlərdə baş alıb gedən qiymət artımını dəyərləndirərkən deyib.

Ekspert bildirib ki, bəzi dövlət qurumları bunu süni qiymət artımı kimi xarakterizə edir:

“Təəssüflər olsun ki, qiymət artımı davam edir. Azərbaycanda artan qiymət bir daha enmir. Lakin bəzi dövlət qurumları bunu süni qiymət artımı adı altında xarakterizə edirlər. Satışı dövlət tərəfindən tənzimlənməyən malların qiymətinə müdaxilə etməyə dövlət orqanlarının səlahiyyəti çatmır. Kəndçi özü bilər kartofunu neçəyə satır. Bazar tələb və təklif əsasında formalaşır, diktəylə yox. Əgər dövlət qiymət artımının qarşısının almaq istəyirsə, bolluq yaratmalı, inhisarçılığı aradan qaldırmalı, bütün biznes qurumları üçün bazara ədalətli əlyetərlik təmin etməlidir. Ölkə prezident idə dəfələrlə öz çıxışlarında süni qiymət artımından danışır və ölkədə inhisarçılıq və kartel, yəni razılaşdırılmış sövdələşmələrin olduğunu qeyd edir. Təəssüflər olsun ki, dövlətin müvafiq qurumları bu məsələləri həll etmir, və ölkədə kartel sövdələşmələri və monopoliya hökm sürür”.

E. Hüseynov süni qiymət artımının qarşısının alınması üçün Nazirlər Kabinetinə müraciət etdiklərini də deyib:

“10 ildən çoxdur ki, müvafiq məcəllə, yəni antiinhisar məcəlləsi Milli Məclisdə qəbul olunmur. Bunlar hamısı bazarda qiymət artımına gətirib çıxarır. Nəticədə süni qiymət artımı baş verir.
Normal rəqabət şəraiti yaradılmalıdır ki, qiymət aşağı düşsün, keyfiyyət qalxsın. Birliyimiz bunun üzərində işləyir. Nazirlər Kabinetinin xüsusi qərarına nail olmağa çalışacağıq ki, marketlərdə qayda-qanun yaradılsın, qiymətin aşağı düşməsi tendensiyası getsin və süni qiymət artımı yox olsun”.

Cəvahir