Rəqsanə gizlinləri açıb-tökdü: “Efirə çıxıb “ərim, ərim” deyir, amma…” – FOTOLAR

Çoxdandır görünməyən, fəaliyyətini Rusiyada davam etdirən müğənni Rəqsanə İsmayılova bu müsahibəsi ilə sükutu pozacaq. 

Sənətçinin Yeniçag.az-a müsahibəsini təqdim edirik.

– Eşitdik birdəfəlik Bakıya qayıdırsız?

– Moskva ilə tam sağollaşmaq üçün hələ yarım ilim var. Çünki yoldaşımın işləri burada olduğu üçün hələlik birdəfəlik gələ bilmirəm. Amma öz işlərimə qayıdıram. May ayından Bakıda olacam və artıq dəvət aldığım verilişlərdə iştirak edəcəm.

– Rusiyada açdığınız restoranın aqibəti necə oldu, gəlir əldə edə bildinizmi?

– Təbii ki, daima məclislər, banketlər var. Hər şey şükür ki, çox yaxşıdır. Əsas odur ki, özümü bu işlə sığortalamışam. Çünki sənətin də bir bitən vaxtı var. Yəqin ki, 50 yaşdan sonra toyda oxumayacağam. Bu, hələlik qəti qərarım deyil, amma əlavə biznesin də olmağı da vacib idi.

– Özünüzü daha hansında uğurlu sayırsınız – sənətdə, yoxsa biznesdə?

– Sənətdə özümü çox uğurlu sayıram. Sənətə gəldiyim ilk gündən Rəqsanə imzasını qoymuşam. Hətta bugün ölkədə olmasam da, mənim repertuarımı bəyənməyən insanlar mahnılarımı oxuyub pul qazanırlar. Deməli, zamanında öz mahnılarımla, səsimlə sözümü demişəm və mən fəxr edirəm ki, Azərbaycanda Rəqsanə bir dənədir!

– Bir vaxtlar adınız tez-tez qalmaqallarda hallanırdı. Deyəsən, indi sizi qalmaqala çəkən yoxdur…

– Bəziləri deyirdi ki, qalmaqalları qəsdən edirsiniz. Amma elə deyildi. Sadəcə olaraq, danışanın cavabını vermək lazım idi ki, sanmasınlar ki, kimdənsə çəkinirsən və ya qorxursan.

– Necə deyərlər, “daşınız ağırdırmı”?

– Daşım çox ağır olub mənim. Həddindən artıq ağır… İndi də ağırdır. Amma mən paxıl insan deyiləm, ürəyi təmiz və yumşaq insanam. Uşaqlarım, ailəm, işim-gücümlə məşğul adamam. Heç kim də yadıma da düşmür. Mənə özümdən başqa heç kim də maraqlı deyil.Amma mən sənətə gələn günümdən mənə paxıllıq ediblər, hər addımım müzakirə olunub. Amma buna görə də şükür edirəm, çünki hamı haqda da danışmırlar. Deməli, Allah məni çox istəyir (gülür) Bundan böyük xoşbəxtlik varmı? Ona görə də gözləri götürmür, daş ağırdır.

– Sosail şəbəkədə haqqınızda mənfi fikirlər səsləndirən insanlara reaksiyanız necə olur?

– Bugün hər kəsin əlində telefon var və bu fürsətdən istifadə edib bir-birlərini söyürlər. Ona görə də mən çox vaxt şərh bölməsini bağlayıram və ya silirəm. Mənim profillərimə nəzarət edən redaktorlarım var, onlar hamısı bu işi tənzimləyirlər, ona görə də pis fikirləri heç görmürəm də. Məncə, belə şeylərə fikir verməmək lazımdır.

– Sanki Rəqsanə dəyişib, müdrikləşib… Bu nə ilə əlaqədardır?

– Ömür keçdikcə, yaşa dolduqca təbii ki, müdrikləşirik. Artıq 39 yaşım var, uşaq deyiləm, axı…Gənclik illərində yaşadıqlarım yadım a düşəndə, bunu eləməsəydim deyə, fikirləşirəm. Çünki yaşa dolduqca xasiyyət dəyişir. Onda elədiklərimə görə tənqid edirdilər, indi kiŞ dəyişmişəm. Barı, indi imkan versinlər həyatımızı yaşayaq. Nə qalmaqal istəyirəm, nə də kiminləsə küsülü qalmaq. Çünki həyat o qədər qısadır ki…Vaxtımız nə zaman, necə bitəcək, heç kim bilmir…Həm də çox darıxıram. Küsülü olduğum adamlarla aramı düzəltmək istəyirəm.

– Bu fikirlə razılaşırsınızmı ki, qadını gözəlləşdirən sevgidir? Yoxsa ki, sevgiyə inamınız itib?

– Xoşbəxt olmaq hər bir qadının haqqıdır. Həyatda çox çətinliklər görmüşəm. Ailəm üçün həm kişi, həm də qadın olmuşam. Təndiqlər də, təhqirlər də olub. İnsanların gözündən salmağa da çalışıblar. Tək olmuşam. Arxamda duran, dəstəyim olmayıb. Məsələn, bir gənc haqda pis fikirlər olanda, təklənəndə dərhal o adam haqda İnstaqramda yazıram, ona dəstək verməyə çalışıram. Amma vaxtikən çətin anımda heç bir sənət dostum, yoldaşım mənlə maraqlanmayıb. Bu həyatda səhvsiz insan var? Bir təsəlli verənim belə olmayıb.

Son vaxtlar ailə quran və ya kimləsə yaşayan xanımlar efirə çıxanda durmadan “Ərim, ərim, ərim” deyirlər. Mən belə şeyləri xoşlamıram. Özüm də yoldaşımı gündəmə gətirmək fikrində deyiləm. Ona görə bir kəlmə onu deyə bilərəm ki, Allaha çox şükür, bu yaşımda mənə arxam, dayağım olan, övladlarıma atalıq edən bir insanı qarşıma çıxardı. Ərim haqda bu qədər, çünki hamının ailəsi də var, əri də var.

Bir də öz ailəsi ola-ola, başqası ilə yaşayan kişiləri də qəbul etmirəm. Çünki öz ailəsinin qədrini bilməyən, başqasına da yaxşı ər ola bilməz. Ona görə də bəzən efirlərə baxmaq da istəmirəm, iyrənirəm…

– Həyatınızdan bəhs edən film çəkilsəydi, hansı janrda olardı-komediya, faciə, melodrama, yoxsa…

– Belə bir filmin ssenarisini artıq özüm hazırlamışam və çox istəyərdim ki, baş rolunu özüm canlandırım. Janr olaraq – melodrama, faciə həyatıma daha uyğundur. Gözümü açandan həmişə çətinlik görmüşəm. Filmi də gec-tez lentə aldıracağam.

– Kiminlə duet oxumaq arzusundasınız, amma hələ də o arzunuz reallaşmayıb?

-Açığı, heç vaxt kiminləsə duet oxumaq haqda düşünməmişəm. Duetlərə ümumiyyətə, meyilli deyiləm. Çox təklifər alıram, amma mənə maraqlı olmayıb.

– Gəlişiniz yəqin ki, şou-biznesdə bir çoxlarının yerini dar edəcək. Onlara sözünüz?

– Mən Rəqsanəyəm. Yerim həmişə var. Mahnılarım toylarda var. İndiki müğənnilər mənim keçmiş mahnılarımı oxuyurlar. Bax, mən həmin Rəqsanəyəm. Öz adım, öz yerim var. Heç kimin də yerini dar eləmirəm. Tez-tez görünməyi də sevmirəm. Artıq o yaşda deyiləm. İlə bir mahnımı sanballı şəkildə çıxarıb, təqdim edib qayıdaram evimə, eşiyimə… Çünki toy tutmağa da ehtiyacım yoxdur. Hazırda Azərbaycanda yeganə qadın müğənnilərdənəm ki, ansambl saxlayıram və təqvimlə toya gedirəm. Öz də mən elə-belə toylar aparmıram. Prestijli müştərilərdən sifarişlər alıram. Bunu da gözləri götürməyənlər kifayət qədərdir.

– Bir çox müğənnilər deyir ki, ailəmə, uşaqlarıma toxunan söz deyilsə, həmin adamı öldürməyə hazıram… Bəs siz?

– Öldürmək yox. Biz kimik ki, öldürək? Öldürmək Allaha məxsusdur. Sadəcə, insanlar Allahdan qorxsunlar. Uşaqlara, ailəyə toxunmaq heç kəsin haqqı deyil. Mən heç kəsin ailəsinə toxunmuram, heç kimin adını çəkmirəm, mənə də dəyib-dolaşmasınlar.

Cəvahir

COP29