Rəşad Sadiqov: “İndi əvvəlki rəqabət yoxdur” – MÜSAHİBƏ

“Keşlə”nin futbolçusu Rəşad Sadiqov Azərbaycan Premyer Liqasının XIII turunda evdə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdikləri görüşdən sonra brifinq keçirib.

Yenicag.az müsahibəni təqdim edir:

– Uzun müddət sonra meydana daxil oldunuz. Sezar Meza Kollisiz oynamaq “Keşlə”yə çətindir. Qələbəni necə əldə etdiniz?

– Real danışsaq, “Neftçi” və “Qarabağ” çempionatdakı digər komandalardan oyun tərzi və gücünə görə seçilir. Buna baxmayaraq, digər komandalar başabaş mübarizə aparır. Sadəcə, kim yaxşı hazırlaşırsa, o da qalib gəlir.

Sezar Meza Kolli olan oyunlarda da əziyyət çəkmişik, bunun elə də fərqi yoxdur. Tərlan Əhmədov oyundan öncə bildirmişdi ki, yaxşı və ya pis oynayın, fərqi yoxdur, əsas odur 3 xal qazanın. Həqiqətən də qələbə önəmli idi. Elə oyunlar olur ki, pis oynasan da, qalib gəlirsən. Yaxşı oynayıb uduzduğun matçlar isə sənə heç nə vermir.

– Oynamadıqca meydana çıxmaq həvəsiniz daha da azalar. Oyuna qoşulmaq istəyirdiniz?

– Açığı, istəyirdim. Mənim üçün fərqi yoxdur. Özünüz də gördünüz ki, isinmə hərəkətləri etmədən oyuna girdim. Çünki gözlənilmədən 40-cı dəqiqədə əvəzlənmə oldu. Heç isinməyə vaxt olmadı, əynimi dəyişib meydana daxil oldum. Həqiqətən də fərqi yoxdur, isinmə hərəkətləri etdim, ya yox. Buna baxmayaraq, ağırdır. Neçə vaxtdır oynamıram. Futbolçu çatışmayanda meydana girdim.

– Uzun müddət oynamasanız da, meydanda yaxşı mübarizə apardınız. Sizcə bu çempionatın səviyyəsinin daha da aşağı enməsi deyil?

– Gəlin düz danışaq, əvvəlki rəqabət indi yoxdur. Əvvəl elə hücumçular var idi ki, heç arxasınca qaçıb çata bilmirdin. İndi oynamaq rahatlaşıb. Çox uzağa getməyək, “Qarabağ”da Dino Ndlovu var idi və ona qarşı oynamaq ağır idi. “Neftçi”də Nikolas Kanales, “Qəbələ”də Mendi kimi forvardlar var idi. Hər komandanın yaxşı hücumçusu olurdu. İndi elə hücumçular yoxdur. İndi 8 komandadan ibarət çempionat keçirilir, ildə 4 dəfə qarşılaşırsan və kuboku da əlavə etsək, bu, 6 oyun olur. Bir yeməyi ikinci dəfə yeyəndə iyrənirsən, qaldı ki, bir komanda ilə 6 dəfə qarşılaşasan…

– “Keşlə”nin kasad heyətlə uğur qazanacağına inananlar azdır. Sizcə, qışda komanda güclənməlidir?

– Onsuz da hamı üçün çətin olacaq. Hamı bir-biri ilə mübarizə aparacaq. Yəqin ki, qışda komanda daha da güclənər. Avropa Liqasına vəsiqə qazanmaq istəyirik, fərqi yoxdur – 2-ci və ya 3-cü yer olsun. Rəhbərlik və komanda Avropanı arzulayır və bunun üçün çalışırıq.

– Qışda “Keşlə” yeni oyunçular alsa, karyeranızı bitirəcəksiniz, yoxsa kim gəlir, gəlsin, davam edəcəksiniz?

– Kim gəlirsə-gəlsin, yaya qədər kömək lazımdısa, hazıram. Bu gün məcburiyyətdən oyuna daxil oldum. Müdafiəçilərimizin də sarı vərəqələri var idi. Qarşıda belə oyunlar çox olacaq. Çempionat elədir ki, qırmızı vərəqələr və zədələr qaçılmazdır.

– Hələ “Keşlə”yə lazım olduğunuzu düşünürsünüz?

– Lazım oldum ki, meydana ayaq basdım. Əgər ehtiyac duyulmasaydı, çıxmazdım. Zədələr və cəzalar futbolda olur. Hər bir komandada ən azı 22 futbolçu olmalıdır.

– Karyeranızın ən yaxşı dönəmlərinin bir hissəsini “Qarabağ”da keçirmisiniz. Sabiq komandanız Avropa Liqasının qrup mərhələsini keçə bilmədi. Çoxları yaxşı fürsətin olduğunu düşünsə də, yaşananlar tam fərqli oldu. Sizcə, “Qarabağ” qrupdan niyə çıxa bilmədi?

– O zaman “Neftçi” qrup mərhələsinə düşməmişə qədər hamı arzulayırdı ki, hansısa komandamız bunu bacarsın. 1-ci və 2-ci mərhələləri keçməklə, pley-offa çatmaq arzusu ilə böyüyürdük hələ. İştah diş altındadır deyiblər. Qrupa düşəndən sonra hamı bunun təkrarlanmasını arzulamağa başladı. Qrupda rəqiblər güclü olur. Mən deyərdim ki, Avropa Liqasının qrup mərhələsi Azərbaycan futbolu üçün pik nöqtədir. “Qarabağ” qruplara düşəndən sonra hamı çox şey istəməyə başladı. Mənə elə gəlir ki, bu, doğru yanaşma deyil. Komandanın qrupa düşməsi elə böyük uğurdur. Boyunlarına qrupdan çıxmalarını qoymaq düzgün deyil.

COP29