Ötən gün Ağdamın işğalının 24-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edənlər arasında millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da var idi. Komandası ilə birlikdə şəhidlərimizi yad edən təcrübəli müdafiəçi, daha sonra Yenicag.az saytının əməkdaşının suallarını cavablandırıb.
– Həqiqətən də, “Qarabağ” futbol klubu olaraq, legionerlərlə birlikdə Şəhidlər Xiyabanı ziyarət etməniz yaxşı bir haldır. Bu dəfəki ziyarət isə Ağdamın 24-cü il dönümü ilə əlaqədar oldu…
– Hər birimiz üçün ağır gündür. 23 iyul tariximizə qara hərflərlə yazılıb, Ağdamı itirmişik. Vətən uğrunda canından keçən şəhidlərimizi yad etdik. Dualar edib, onlara Allahdan rəhmət dilədik. Həqiqətən şəhidlik zirvəsinə çatmaq hər adama qismət olmur.
– İşğal olunmuş torpaqlarımızın təbliğ olunması üçün “Qarabağ”ın Çempionlar Liqasında uğurlu çıxışı da mütlqədir. Artıq üçüncü mərhələyə yüksəlmisiniz və rəqibimiz “Şerif” klubudur. Moldova təmsilçisi ilə bağlı fikirlərini bilmək maraqlı olardı…
– Ümumiyyətlə, təzyiq hər zaman üzərimizdə var. Bu məsuliyyət ondan irəli gəlir ki, biz “Qarabağ” komandasını təmsil edirik. Bu, sıradan bir komanda deyil. Bizim üçün önəmli beynəlxalq oyunlar olur. Bilirsiz ki, futbolda hər zaman istədiyin kimi olmur. Könül istərdi ki, Çempionlar Liqasını qazanaq, “Qarabağ”ımızın səsi bütün dünyaya yayılsın. “Şerif”ə gəldiksə isə, yaxşı komandadır. Heyətində keyfiyyətli legionerləri var. Yaxşı müdafiə olunub, əks hücuma çıxmağı bacarırlar. Topla yaxşı davranan komandadır. Matçın gedişində fərqli-fərqli sistemdə oynamağı bacarırlar. Buna görə də, oyuna hərtərəfli hazırlaşmalıyıq. İlk növbədə təmkinli olmalıyıq. Fikrimcə, daha ağıllı oyun nümayiş etdirən komanda üstünlük qazanacaq.
– Əvvəlki illərdə üçüncü təsnifat mərhələsində daha dişli rəqiblərlə qarşılaşırdınız. Bu dəfə bəxtimizin gətirdiyi düşünmək olarmı?
– Futbol elə bir idman növüdür ki, burada əvvəlcədən rəqibə görə nəyisə fərqləndirmək olmur. Məsələn, “Viktoriya” bizdən üstün komanda olsa da, biz daha üstün futbol nümayiş etdirmişdik. “Seltik”lə iki 90 dəqiqə başabaş futbol oynadıq, amma sonda mərhələ adlayan tərəf onlar oldu. Yəni, nəyisə əvvəlcədən demək olmur. Bizim üçün bütün rəqiblər eynidir. Qarşımızda iki 90 dəqiqə var. Bundan səmərəli istifadə etməliyik.
– Kubanın gəlişindən sonra arxayınlaşmısanmı ki, artıq sənin yerini dolduracaq biri var?
– O mövqedə bizdə Elvin Yunuszadə də var. Mən olmayanda bir çox oyunlarda layiqli çıxış edib. Kuba gələndən sonra, müdafiəmiz daha da gücləndi. Artıq zədələnib eliyəndə tələsmirsən. Bilirsən ki, Kubanın təcrübəsi var. Onun Elvindən üstünlüyü də məhz təcrübəsidir, oynadığı klublardı. Bilirsən ki, təcrübəsi, ustalığı var.
– Bəs, zədən nə yerdədir?
– Böyük ehtimal ilk oyunda iştirak etməyəcəm. Hər şey yaxşı getsə, ola bilsin cavab matçında meydanda oldum.
– Bundan sonra “Qarabağ”ın transferə ehtiyacı varmı?
– Hər bir komandanın transferə ehtiyacı var. Nə qədər güclənsən, ondan da güclü heyət qurmağa ehtiyacın var. Ən azı bilirik ki, Çempionlar Liqasının, Avropa Liqasının pley-offunda çıxış edəcəyik. Bizi məsuliyyətli oyunlar gözləyir.
Emin Səfərov
Yenicag.az