“Rəşadı məsuliyyətli işin altına atmışıq” – Qurbanov “Çelsi” üçün Londona gedir

“Qarabağ”ın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun Yenicag.az saytına müsahibəsi.

– Bu gün aşağı yaş qrupları üzrə millilərdə yeni təyinatlar oldu. Təyinatlarla bağlı nə deyə bilərsiz?

– Bu barədə indi açıqlama vermək bəlkə də düzgün olmaz. Dekabrın 20-dən sonra mətbuat konfransı keçirəcəyik. Həmin vaxt daha ətraflı məlumat verməyi düşünürəm.

– Rəşad Sadıqov həm U-20, həm də U-21 millimizə rəhbərlik edəcək. Eyni zamanda da “Qarabağ”ın U-19 komandasının çalışdırıcısı, əsasən da kapitanıdır. Sizcə, işi çox olmayacaq ki?

– Məncə, çox olmaz. Çünki futbolun içindəyik. Tək bir işin arxasınca getsək, inkişafımız az olar. Biz daima çalışmalıyıq ki, fəaliyyətimizi bir komanda, bir futbolçu ilə yekunlaşdırmayaq. Ümumiyyətlə, insanın bu yaş dövründə enerjisi daha da çox olur. Həmin adamın potensialı varsa, ondan maksimum yararlanmalıyıq. Düzdür, ağır olacaq. Əvvəlcə çox tərəddüd edirdi, amma uzun təkidlərdən sonra onu razı sala bildik. Rəşadı məsuliyyətli bir işin altına atmışıq. Onu yaxşı tanıyıram. Sadıqova inanırıq.

– Millidə debüt matçınız Gürcüstan yığması ilə yoldaşlıq oyununa təsadüf edəcək. Niyə məhz Gürcüstanı seçdiniz?

– Açığı, indi milli komanda səviyyəsində rəqib tapmaq çətindir. İki ölkənin futbol federasiyaları arasında dostluq münasibətləri var. Danışıqlardan sonra belə bir qərara gəldik.

– Mətbuatda “Çelsi”nin düşərgəsinə yollanacağınızla bağlı xəbərlər yayılıb. Səfərin səbəbini bilmək olar?

– Müxtəlif klubları ziyarət edib, fərqli baş məşqçilərlə görüşmüşəm. Mənim üçün lider məşqçi ilə görüşmək maraqlıdır. Onun düşüncələri, fəlsəfəsi, uğur qazanması mənim üçün önəmlidir. “Çelsi”nin baş məşqçisi Antonio Konte ilə görüşüm olmamışdı. Ona görə də “Çelsi”ni seçdim.

Emin Səfərov

COP29