“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində İtaliyanın “Roma” klubuna qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Yenicag.az xəbər verir ki, təcrübəli futbolçu öncə bunları söyləyib:
– “Roma”nı artıq yaxşı tanıyırıq. Üzərimizdə təzyiq olmayacaq. Çalışacağıq yaxşı oyun göstərək. Baş məşqçimizin də dediyi kimi, özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq.
– Sabahkı oyuna böyük itkilərlə çıxacaqsınız. Əsas da müdafiədə. Boşluqları doldurmaq üçün üçün hansı imkanlardan istifadə edəcəksiniz?
– “Qarabağ”ın 2 ən tərübəli müdafiəçisi sabahkı oyunda oynamayacaq. Onları əvəzləyən futbolçular oyuna yaxşı kökləniblər, üzərlərinə düşən məsuliyyəti yaxşı dərk edirlər. “Roma” kimi komanda ilə qarşılaşmaq hər dəfə ələ düşmür. Düşünürəm ki, sabahkı oyunda meydana çıxacaq futbolçular özlərini ən yaxşı tərəfdən göstərəcəklər.
– Uzun illərdir ki, “Qarabağ”da çıxış edirsən. Avroliqa və Çempionlar Liqası turnirlərində qazandığın təcrübədən sonra özünü Avropa komandalarında oynamağa hazır sayırsanmı? Ümumiyyətlə, belə təkliflər varmı?
– 5 ildi ki, Avropa səviyyəsində futbol oynayırıq, ildən-ilə daha çox təcrübə toplayırıq. Böyük klublara qarşı başabaş mübarizə apara biliriksə, heyətdə olan bir çox futbolçuların digər komandalarda da rahat çıxış edə biləcəkləri fikrindəyəm. Bizi izləyənlər çoxdu, təklif gəlməsi normal haldı.
– Sabah Rəşadın yoxluğunda kapitan kimi meydana çıxacaqsan? Onun yoxluğunda özünü necə hiss edəcəksən? Rəşadı əvəzləmək mümkün olacaqmı?
– Rəşadın yoxluğu komanda üçün böyük itkidi. Onun meydanda olması komanda üçün böyük motivasiya olurdu, fərqli oyun oyun nümayiş etdirirdik. Qismət belədi. Rəşad ötən oyunda qırmızı vərəqə alıb və kapitan sarğısı mənə tapşırılıb. Rəşadın hərəkətələrini yada salıb komanda yoldaşlarıma dəstək olmağa çalışacam. Çalışacam ki, kapitanı bacardıqca yaxşı əvəzləyim.