Reşat Kəsəmənli: “Sağlığında atamın üzünə təmtəraqla açılan qapı indi üzümüzə çırpılır” – FOTO

“Atam varlığı ilə deyil, yoxluğu ilə də dərs verməyi bacardı”.

Bu fikirləri bu gün xatirə günü olan sevilən şair Nüsrət Kəsəmənlinin oğlu, tanınmış aktyor Reşat Kəsəmənli atası ilə bağlı fikirlərini Yenicag.az-la bölüşərkən deyib.

R.Kəsəmənli atasının yoxluğunu hər addımda hiss etdiyini bildirib:

“Atamın yoxluğu indi daha çox hiss olunur. Məşhur və hər kəsin sevimlisi idi deyə atdığımız hər bir addımda, soyadımızın səsləndiyi hər yerdə ilk ağıla gələn isim Nüsrət Kəsəmənli olub. Onu unutmağımız mümkünsüz bir işdir. Nə gözəl ki, cəmiyyətin də bir xatırlatması var. Bizim qədər onlar da onu sevirdi və indi də onun həsrətindədir.

Atamın varlığı, danışdığı hər kəlmə belə məsləhət idi. Ola bilər, uşaq vaxtı bunu tam dərk etmirdim, amma zaman keçdikcə anladım ki, atamın hətta zarafatında belə bir məsləhət var idi. Təəssüf ki, elə dərin düşüncəli, sözünün yerini bilən, hətta nəsihətini belə zarafatla deyə bilməyi bacaran bir insana rast gələ bilmirəm. Bu gün onun yoxluğunu bir övlad kimi hər addımbaşı hiss edirəm. Sağ olsaydı, bu gün hər şey daha fərqli ola bilərdi. Hər kəs üçün ata itkisi ağırdır. Mənim üçün daha ağır oldu. Hamısına aid etmirəm, amma zamanında atamın başına fırlanan dostları, tanışları var idi, indi vəzifə sahibidirlər. Hər kəs bilir ki, kiminsə qapısını döyüb haqqım olmayan bir işi tələb etməmişəm. Amma elə elə insanlar var idi ki, sağlığında atama “canım, qardaşım” deyirdilər, elə indi də zəng edəndə belə deyirlər. Hansısa bir iş məsələsinə gəlincə isə dərhal bəhanələr başlayır. Sonradan görürəm ki, mənim müraciətimə imtina cavabından sonra başqa bir “day-dayılı” insanlara “hə” cavabı verilir. Sağlığında atamın üzünə təmtəraqla açılan qapı bu gün mədəni şəkildə üzümüzə çırpılır. Eybi yox. Bu da bir dərsdir. Atam varlığı ilə deyil, yoxuğu ilə də dərs verməyi bacardı.

Allah övladlarımı o cür dostlardan qorusun. Gələcəkdə mən olmayanda övladlarım deməsin ki, atamın canı-ciyəri idi, amma etdiklərinə bax. Atamın yoxluğu belə də hiss olunur”.

Cəvahir