Rəsmi Bakı Sudanı təbrik etdi – Sülh müqaviləsi…

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sudanı ölkədə imzalanmış sülh müqaviləsi ilə əlaqədar təbrik edib.

Yenicag.az-ın məlumatına görə, bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində qeyd olunub.

Azərbaycan beynəlxalq ictimaiyyətə qoşularaq qardaş Sudan xalqını Afrika İttifaqı və Efiopiyanın vasitəçiliyi ilə tarixi sazişin imzalanması münasibətilə təbrik edib: “Bu saziş Sudanda sülh, stabillik və rifaha doğru tarixi nailiyyətdir”.

Qeyd edək ki, avqustun 17-də paytaxt Xartumda keçirilən təntənəli mərasimdə ölkənin Hərbi Şurası və əsas müxalifət birliyi olan “Azadlıq və dəyişikliklər” alyansı arasında Konstitusiya Bəyannaməsi imzalanıb. Sənəd ölkədə keçid dövrünün əsas prinsiplərini ehtiva edir. Həmin dövrdə hərbçilər tədricən hakimiyyəti mülki şəxslərə təhvil verməlidirlər. Eyni zamanda, tərəflər arasında siyasi sazişin də yekun variantı imzalanıb və bu sənəddə keçid dövründə ölkənin siyasi quruluşunun əsas müddəaları təsbit olunub. Bu sazişin mətni iyul ayında razılaşdırılıb.

Konstitusiya Bəyannaməsi və sazişi Sudanın Keçici Hərbi Şurasının sədr müavini, general Məhəmməd Həmdan Daqalo və “Azadlıq və dəyişikliklər” alyansının nümayəndəsi Əhməd Rabiyə Efiopiyanın Baş Naziri Əbiy Əhməd və Cənubi Sudanın Prezidenti Salva Kiyrin iştirakı ilə imzalayıblar.

İmzalanma mərasimində Efiopiyanın Baş naziri Abiy Əhməd, Səudiyyə Ərəbistanın Xarici İşlər naziri Adil əl-Cübeyr, Misirin Baş naziri Mustafa Madbuli, Sudan Prezidenti Salva Kir iştirak ediblər.