“Azərbaycanla münasibəti pozmaq, münaqişəyə girmək, müharibə aparmaq Türkiyə ilə, NATO ilə müharibə aparmaq deməkdir”.
Bunu Rusiya Federasiyasının Raket və Artilleriya Elmləri Akademiyasının vitse-prezidenti Konstantin Sivkovun “Ukraynanı bitirək, Azərbaycanla məşğul olacağıq” təhdidinə və Azərbaycan hazırda Türkiyə və ABŞ-nin diqtəsi ilə hərəkət edir kimi fikrinə cavab verən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.
Rövşən Məhərrəmov bildirib ki, Rusiya hələ Ukraynada qələbə qazansın, ondan sonra Sivkov danışsın:
“Azərbaycan müstəqil bir dövlətdir. Azərbaycanın Türkiyə kimi müttəfiqi var. İsrail, Pakistan Azərbaycanın yanındadır. Azərbaycan Rusiya ilə düşmənçilik aparmır. Ukrayna müharibəsi başlamazdan iki gün əvvəl Azərbaycanla Rusiya arasında Moskva bəyannəməsi imzalandı.
Ermənistan Rusiyanı hər cür təhdid edir, ona münasibət bildirmirlər, ancaq Azərbaycanın sərbəst siyasət aparmağı gözlərinə batır. Rusiya sülhməramlıları müəqqəti olaraq Azərbaycan torpaqlarında yerləşib. Onların müddətinin vaxtı bitməyə yaxınlaşdıqca hər cür təhdidlər edirlər. Onlar çalışır ki, müddət uzadılsın. Hazırda xidmətdə olan zabitin belə açıqlama verməsi heç də yaxşı hal deyil. Bu, Azərbaycan-Rusiya münasibətinə xələl gətirən haldır.
Azərbaycanın sərbəst siyasət aparması ruslarda qıcıq yaradır. Azərbaycanın inkişafı, ordu quruculuğu ruslara sərf etmir. Ruslar hələ apardıqları müharibədə qələbəni reallaşdırsınlar, ondan sonra başqasının ərazisinə göz tiksinlər”.
Səxavət Məmməd