Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Ermənistanla sərhəddə mühəndis işləri görməsi barədə erməni tərəfinin bəyanatını məsuliyyətsiz və əsassız adlandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən “RİA Novosti”yə bildirilib.
“Ermənistan Müdafiə Nazirliyi nümayəndəsinin Azərbaycan Ordusu bölmələrinin öz mövqelərini yaxşılaşdırmaq məqsədi ilə guya Azərbaycan-Ermənistan sərhədinin bəzi məntəqələrində aktiv mühəndis işləri aparması barədə məsuliyyətsiz və əsassız bəyanatı ilk növbədə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan hərbçisinin öldürülməsinə bəraət qazandırılmasına və ört-basdır edilməsinə yönəldilib”, – deyə mətbuat xidmətindən bildirilib.
Müdafiə Nazirliyi mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olması barədə məlumat yayıb.
Müdafiə Nazirliyi bu təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətində yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirlərinin dayandığını və onların göstərişi ilə həyata keçirildiyini istisna etməyib.