Rəsmi Kiyevin Krıma hücum ANONSU: “Qərbin artıq Ukraynanın qələbəsinə inamının olmadığı bir vaxtda…”
“Rusiya ilə NATO birbaşa konfliktə getməyəcək”.
Bunu Rusiya-Ukrayna müharibəsi fonunda NATO-Rusiya toqquşması ehtimalını dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.
Yusif Bağırzadə bildirib ki, Rusiyanın müharibədə qalib gəlməsi onu dünyadakı mövqeyini daha da gücləndirəcək:
“Krımın işğaldan azad edilməsi və Ukraynanın suverenliyi altına geri qaytarılması siyasi və hüquqi aspektlərdən başqa, həm də güclü mənəvi imperativə malikdir. Bu baxımdan, Ukraynanın Krımla bağlı ciddi əməliyyata hazırlaşması təbiidir. Ukrayna qoşunlarının Xerson vilayətində Dnepr çayının sol sahilinə hücum cəhdləri də Krımla bağlı hansısa əməliyyatlara hazırlığın anonsu hesab edilə bilər.
Keçən il ərzində də biz zaman-zaman Ukrayna tərəfinin Krım körpüsünü və Krımın dərinliklərini hədəf alan zərbələrinə, bu istiqamətdə əməliyyatlara şahidlik etdik. Amma bunlar kifayət qədər güclü həmlələr deyildi.
Onu da nəzərə almaq lazımdır ki, Krım Rusiya qruplarının döyüş qabiliyyətinin saxlanılmasında mühüm rol oynayır. Bu gün Xerson və Zaporojye vilayətlərində fəaliyyət göstərən rus qoşunlarının təchizatının 60 faizi Krım yarımadası vasitəsilə təmin edilir. Təchizat xətləri Krımdan gedir, orada idarəçilik məntəqələri, maddi-texniki təminat bazaları və sursat anbarları yerləşir.
Məhz Krımdakı hərbi aerodromlar Rusiyanın cənubi Ukraynadakı əməliyyatlarının əsas logistika qovşağına çevrilib. Bura, eyni zamanda, hücum helikopterlərinin bazası rolunu oynayır. Eyni şəkildə Rusiya Ukrayna əhalisinə qarşı istifadə etdiyi “Kalibr” kruiz raketlərinin çoxunu Qara dəniz sularından – Krım sahillərindən atır.
Başqa sözlə desək, Krım bu gün Rusiya üçün olduqca həlledici əhəmiyyətə malikdir və Rusiyanın işğal altında olan hər hansı ərazilərdən geri çəkilsə belə, Krım üçün sonacan dirəniş göstərəcəyi şübhəszidir. Odur ki, həmin ərazilərin işğaldan təmizlənməsi və Ukraynanın suverenliyi altına qaytarılması heç də asan məsələ deyil.
Təbii ki, bu və ya digər şəkildə hansısa əməliyyatlar keçirilə bilər. Məsələn, elə dünən gecə saatlarında Ukrayna ordusu Rusiyanın Belqorod, Voronej, Kursk, Moskva, Oryol və Tula vilayətlərinə dron hücumları etməyi bacardı və nəticədə Oryol vilayətində neft bazası partladıldı. Bəzi vilayətlərdə isə hücum nəticəsində elektrik verilişi xətləri sıradan çıxdığından ərazilər işıqsız qalıb.
Yəni Ukrayna Krım istiqamətində də dronlarla oxşar hücum əməliyyatları keçirə, Kerç körpüsü və ona yaxın istiqamətlərdə yerləşən obyektlərə zərbələr endirə bilər. Amma bunun hansı səviyyədə həyata keçiriləcəyi, bu əməliyyatların Krımın işğaldan azad edilməsi üçün yetərli olacağı inandırıcı deyil.
Məsələnin digər tərəfi isə əməliyyatlara hazırlıqla bağlı verilən anonsdur. Özü də bu barədə məlumatı hər hansı bir gizli mənbə deyil, birbaşa Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyir.
Həqiqətən, hansısa əməliyyat hazırlanırsa, bunu əvvəldən elan etmək əvəzinə, əks tərəfi hazırlıqsız yaxalamaq daha düzgün olardı. Odur ki, indiki əməliyyat məlumatı daha çox daxili auditoriyaya hesablanmış və eyni zamanda, Qərbdən əlavə silah və texnika göndərilməsini sürətləndirmək üçün atılmış addım kimi görünür.
Qərbdən dəstəyin böyük ölçüdə azaldığı, Qərbin artıq Ukraynanın qələbəsinə inamının olmadığı bir vaxtda konkret əməliyyata hazırlıqla bağlı mesaj verməklə onları həvəsləndirmək lazımdır ki, Ukrayna da məhz bunu edir”.
Səxavət Məmməd