“Özünü islam dövləti adlandıran İran Azərbaycanın otuz il ərzində işğal altında saxlanılan ərazilərində müqəddəs sayılan məscidləri mundarlayan Ermənistanı özünün ən yaxın qardaşı olduğunu bəyan edir”.
Bunu cənub qonşumuzunzaman-zaman Azərbaycanı hədəf alan bəyanları ilə bağlı fikirlərini bölüşən politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan gücləndikcə İranın bizə qarşı münasibətləri gərginləşir:
“İran Azərbaycanın güclənməsini özünün varlığı üçün əsas təhdidlərdən biri kimi qiymətləndirir. Azərbaycan Vətən müharibəsi ilə sərhəd toxunulmazlığını təmin etdikdən sonra İranın aqressiv münasibəti daha da artdı. Azərbaycanın işğaldan azad etdiyi ərazilərin cənubunda hərbi təlimlər keçməyə başladı. Terrorçu təşkilat olan SEPAH-ın təlimlərinin Azərbaycanı qorxuda biləcəyini düşünürdülər. İran Ermənistana açıq dəstək verməklə, Ermənistanın sərhədlərini özünün “qırmızı xətti” hesab etməklə, Qarabağdakı separatçı rejimin terrorçu hərbçilərinə dəstəklə Azərbaycanı zəiflətmək xəttini tutur.
Azərbaycanın 90-cı illərdəki kimi olmadığını unudurlar. Azərbaycan müstəqil siyasət yürütmək gücünə sahib olan dövlətdir. Azərbaycanla hədə-qorxu dili ilə danışmaq mümkün deyil. Məhz bunun nəticəsi idi ki, Azərbaycan İran sərhəddində daha təkmil təlimlər həyata keçirdi. Azərbaycan ordusunun İrandan geri qalmadığını, bir çox sahədə üstün olduğunu bu təlimlər vasitəsilə nümayiş etdirdi.
Rəsmi şəxsləri ilə Azərbaycana hədə dolu bəyanatlar səsləndirən İran səfirliyimizə terror hücumundan belə çəkinmədi. İran Azərbaycanın tələbi üzərinə terror hücumunun obyektiv araşdırılması ilə bağlı heç bir addım atmayıb. Tam əksi olaraq, terrorçunun hadisəni şəxsi zəmində törətdiyi ilə bağlı sübutlar göstərməyə çalışır. Bütün bunlar İranın qeyri-insani davranışları davam etdirdiyinin sübutudur. İran Azərbaycanın dostluq təklifini qəbul etmək istəmir.
Özünü islam dövləti adlandıran İran Azərbaycanın otuz il ərzində işğal altında saxlanılan ərazilərində müqəddəs sayılan məscidləri mundarlayan Ermənistanı özünün ən yaxın qardaşı olduğunu bəyan edir. Prezident İlham Əliyev qonşularla sülh şəraitində, dostluq münasibətləri ilə yaşamağın lazım olduğunu dəfələrlə vurğulayıb. Biz heç bir dövlətə qarşı hər hansı iddiada çıxış etməmişik.
Buna görə qonşularımızdan eyni münasibəti tələb edirik. Kimsə bizim dost addımlarımızı geriyə çəkilmək kimi qiymətləndirəcəksə, Azərbaycanın adekvat cavab vermək gücündə olduğunu unutmamalıdır”.
Nəsimi Ələsgərli