Rəsmi Tbilisi qarşısında iki SEÇİM: “Bu addımlar Gürcüstanın cəzalandırılmasına xidmət edir”

“Əslində, Gürcüstanın qarşısında iki seçim var idi: bu seçim üçün Gürcüstan öncə tarixin dərslərindən nəticə çıxarmalıdır. Mahiyyət etibarilə, bir zaman Gürcüstanı təkbaşına qoyan Qərb indi onun tamamilə öz müstəqilliyindən imtina etməsini tələb edirdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

O, Avropa İttifaqının Gürcüstanın ittifaqa inteqrasiya prosesinin və Gürcüstan Müdafiə Nazirliyi üçün ayrılan 30 milyon avroluq yardımın dayandırılması məsələsinə münasibət bildirib.

Onun sözlərinə görə, bu aspektdən də Gürcüstan hökuməti tamamilə doğru olaraq, Gürcüstanın bir müstəqil dövlət kimi inkişafını seçdi:

“Tbilisi administrasiyası xarici agentlərin təsir dairəsindən ölkəni çıxarmaq, ölkənin daxili siyasətini yalnız gürcü xalqının maraqlarına tabe etdirmək üçün qətiyyətli addımlar atmağa qərar verdi. İndi atılan addımlar isə Gürcüstanın cəzalandırılmasına xidmət edən addımlardır. Bu faktor bir daha sübuta yetirdi ki, Avropaya, Qərbə, müstəqil Gürcüstan lazım deyil. Onlar Gürcüstana etdikləri yardımları Gürcüstanın bir müstəqil dövlət kimi inkişafı naminə etmirlər, əksinə, öz siyasi maraqlarının həyata keçirilməsi üçün edirlər”.

E. Mirzəbəylinin qənaətinə görə, Gürcüstan Avropaya, sadəcə, qarşıdurmalara xidmət edən bir bölgə, Rusiya ilə qarşı-qarşıya qoymaq üçün istifadə olunan bir alət kimi lazımdır:
“Təbii ki, Gürcüstan da bundan imtina etdikdən sonra, nəticə etibarilə, bu yardımların kəsiləcəyi gözlənilən idi. Düşünürəm ki, hazırda Gürcüstanın təhlükəsizliyinə hər hansı bir formada təhdid yoxdur və Gürcüstana silah yardımının və müdafiə sahəsinə ediləcək yardımlar da bir o qədər də mühüm əhəmiyyət kəsb etmir. Çünki regionda baş verən proseslər, eyni zamanda, region dövlətlərinin ən yaxın vaxtlarda nəzərə çarpacaq yeni iqtisadi platformalar üzərindən inkişafı Gürcüstan iqtisadiyyat möhkəmlənməsinə zəmin yaradacaq. Bu isə Gürcüstanın bir müstəqil dövlət kimi inkişafı üçün daha da zəruridir”.

Rafi Müslümov

COP29