!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Restoranda tanış olduğum qız…” – Gitaraçı sirlərindən danışdı – Reportaj + FOTOLAR

!Reklam – Yazi

giytaraPaytaxtımızda onlarla tez-tez rastlaşırıq. Xüsusən də mərkəzi küçələrdə, keçidlərdə və Dənizkənarı Bulvarda… Hətta onların əksəriyyəti artıq məşhurlaşıblar da…

Küçə musiqiçiliyi ilə məşhurlaşan, 24 yaşlı gitaraçı Dilqəm Məmmədovla Dənizkənarı bulvarda rastlaşdıq. Dilqəm ifa edir, dənizsə ləpələrini daşa çırparaq gitaranın səsinə səs verir və əsrarəngiz ahəng qatırdı. Sanki, bir-birilərini tamamlayırdılar. O, ifasını yekunlaşdırdıqdan sonra yaxınlaşıb, söhbətləşməyə başlayırıq…

– Dilqəm, sən bayaqdan türk mahnıları ifa edirsən. Bizim xalq mahnılarını səsləndirə bilərsənmi?

– Altı ildir gitara ifaçısıyam. İlk dəfə bu alətdə ifa etməyi Türkiyədə öyrəndim, orada restoran və barlarda çalışdım.

Daha sonra ölkəmizə geri qayıtdım. Bizdə isə Türkiyədəki kimi deyil. Məsələn, burda o qədər də çox restoran, bar yoxdur ki, orada ifa edəsən. Ona görə də məcbur qalıb, çox vaxt küçələrdə ifa edirəm. Ən çox da səsləndirdiyim türk mahnılarıdır. Ancaq xoşuma gələn xalq mahnılarımız da var.

– Hər gün bura gəlirsən?

– Hər gün yox. Ən çox keçidlərdə, mərkəz küçələrdə ifa edirəm. Ara -sıra restoranlara da gedirəm.

Dilqəmlə söhbət edirik, ətrafda olanlar isə kənardan bizi diqqətlə izləyir. Bu da onu daha da ruhlandırır. Onun diqqəti həm məndə, həm də ətrafdakı insanlardadır. Bəzən də daha çox dənizə baxır, dəniz çoşub ləpələrini sahilə çırpdıqca, sanki onun fikrini yayındırır və uzaqlara aparır. Gözləri uzun-uzadı “yol” çəkir. Bizsə onun fikrini dənizdən yayındırıb, yenə söhbətə tuturuq…

– Bu həvəs səndə necə yarandı?

– Valideynlərim də musiqiçidir. Onlar pianinoda ifa edəndə həmişə diqqətlə qulaq asardım, bütün fikrim onlarda olardı. Əvvəllər pianino ifa etməkdən çox xoşum gəlsə də, Türkiyədə fikrimi dəyişdim. Orada olanda küçələrdə gitara ifaçılarını görürdüm. Gitaraya həvəsim daha çox artdı. Və hər gün onların yanına gedirdim: həm dinləyir, həm də öyrənirdim.

Hə, onu da deyim ki, evdə bəzən valideynlərimdən biri pianinoda ifa edəndə mən də tez gitaramı götürürəm, duet yaradırıq. Həmişə arzu etdiyim bu olub…

– Ən çox pulu bulvarda qazanırsan, yoxsa…?

– Burda da mümkündür, amma ən çox keçidlərdə olur (gülümsünür).

– Ən çox nə qədər pula deyirsən?

– Bir-iki saat ərzində ən azı 20-30 manat, ən çox pul da 100-150 manat.

150-200 manat deyəndə elə bil gözləri “gülür”. Bizimlə həmsöhbət ola-ola fikri elə gitaranın simlərini “dınqıldadmaqdadır”. Həm də ətrafı müşahidə edir: adamlar azdır, ya çoxdur deyə… Sonra diqqətini mənə yönəldib, “hə, davam edin”, deyir. Mən də növbəti sualıma keçid edirəm.

– Bayaqdan burda ifa edirsən, axı indi pul yığmırsan…

– Hə, siz gəlməmişdən yarım saat əvvəl gəlmişəm. Fikirləşdim bir az ifa edim, ətrafın fikrini özümə cəlb edib, sonra “pul kisəmi” açım (gülüb, başını yelləyir).

– Deyirsən ki, həvəsin var, ancaq pul da qazanırsan…

– Bəli, həvəsim də var, pulumu da qazanıram. Başqa nə iş var axı məşğul olum. Həm küçələrdən pulumu qazanıram, həm də özüm gitaradan dərs deyirəm. Yanıma gələnlər olur öyrədirəm, aylıq pulumu alıram.

O, gitaranı əlindən yerə qoymur. Gitaradan elə yapışıb ki, elə bil ana öz övladına sarılıb. Onunla olduqca incə davranır, simlərinə dırnaqlarının ucu ilə toxunur və tez-tez də nəfəsi ilə üzərindəki tozu üfürür.

– Niyə xalq mahnılarını ifa etməyi öyrənmirsən?

– Düzünü deyim, bir dəfə restoranda bir qızla tanış oldum. O qız da gitarada İlyas Yalçıntaşın “İçimdeki duman” adlı mahnını ifa etdiyimə vurulmuşdu. Ona görə xalq mahnılarına həvəs göstərmirəm. Nə vaxtsa qismət olar xalq mahnılarını da ifa edərəm.

– Sonra nə oldu, qızdan ayrıldın?

– Yox, ayrılmadım, Allah eləməsin…(göyə baxır). O qıza görə mən daha da musiqi təhsilimi artırıb, gitaradan əl çəkmirəm. Hətta elə gün olmur ki, o mahnını ifa etməyim (İlyas Yalçıntaşın “İçimdeki duman” mahnısını nəzərdə tutur- red). Həm mahnını, həm də sevgilimi sevirəm. Və o mahnını ifa edəndə yalnız o qızı düşünürəm. O qız da o mahnıya görə vurulmuşdu mənə. O, qız və mahnı mənimçün ən yadda qalan və unudulmayan bir xatirədir.

Dilqəm söhbəti yekunlaşdırır və sevgilisinə ifa etdiyi mahnını bizim üçün də səsləndirir.

 

Gülnarə Eynullaqızı

Yeniçağ.az

www.yenicag.az

892
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv