Restoranın qarət edildiyini xəbər verdi, özünün soyduğu ortaya çıxdı – FOTO

İsmayıllıda restorandan oğurluq edən gözətçinin cinayət əməli ifşa edilib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, rayonun Bizlan kəndindəki restoranlardan birinin sahibi polis şöbəsinə müraciət edərək gecə saatlarında obyektdə quldurluq hadisəsinin baş verdiyini bildirib. Həmin şəxs bu barədə məlumatı orada gözətçi işləyən Yavər adlı şəxsdən aldığını deyib.

Gözətçinin dediyinə görə, maskalı naməlum şəxslər onu döyərək daha sonra Sumqayıt şəhərinə aparıb və orada avtomobildən düşürüb, yollarına davam ediblər. Gedərkən restorandakı ümumi dəyəri 5 min manata yaxın olan qədim samovarları da özləri ilə aparıblar.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində obyektdə əslində quldurluq cinayətinin baş vermədiyi, gözətçi Yavər Məmmədovun məsuliyyətdən yayınmaq üçün belə bir plan qurduğu məlum olub.

Belə ki, həmin şəxs samovarları özü oğurlayaraq Qobustan rayonunda satıb və daha sonra iz itirmək məqsədilə obyektin sahibinə guya restorana maskalı şəxslərin basqın etməsi ilə bağlı yalan məlumat verib. Onun bu planı polis əməkdaşları tərəfindən ifşa edilib və samovarlar satdığı yerlərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.