!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Restoranların FIRILDAĞI: "Bu, rüşvətin yeni növüdür" - Sahibkarlar kimin cibinə girir?

!Reklam – Yazi

Son zamanlar kafe və restoranlarda müştəridən servis haqqı adı altında əlavə ödəniş tələb olunması müşahidə olunur.

Bu tələb müştərilərin narazılığına səbəb olsa da, restoranlar şəbəkəsi etirazları qəbul etmir. Düzdür, əvvəlki dövrlərdə müştəri könüllü halda ofisianta “çay pulu” verirdi. lakin indiki zamanda restoran rəhbərlikləri artıq məcburi şəkildə xidmət haqqı kimi əlavə ödəniş istəyirlər. Bu isə müştərilərin əlavə xərcə düşməsinə səbəb olur. Bu sahəyə yaxın fəaliyyəti olan qurumlardan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinə nəzarət etdiyini, Dövlət Turizm Agentliyi isə restoranların fəaliyyətinə müdaxilə etməyin onların səlahiyyətində olmadığını bildirir. Servis haqqının restoran personalına, yoxsa rəhbərliyə çatması isə müəmmalıdır. Maraqlıdır ki, müştəridən “servis haqqı”nın tələb olunması qanunvericilikdə varmı?

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında bildirib ki, müştərilərdən əlavə servis haqqının tələb olunması doğru addım deyil və bu vəziyyətin qarşısı mütləq alınmalıdır:

“Restoranlarda müştərilərdən əlavə servis haqqının tələb olunması rüşvətin yeni növüdür. Əvvəllər müştəridən mədəni şəkildə hörmət tələb edirdilər, lakin indi servis haqqı adı altında əlavə pul istənilir. Restoranlar xidməti nisbətən ucuz göstərməklə gözdən pərdə asırlar, lakin servis haqqı ilə əsas məqsədləri bəlli olur. Ona görə də restoranlarda hansısa ucuzluqdan söhbət gedə bilməz. Ümumiyyətlə, “normal səviyyə”li kafe və restoranlara yaxın düşmək mümkün deyil. Bu kafe və restoranlarda bir dəfə nahar etmək üçün aylıq gəlirin üçdə birini xərcləmək məcburiyyətində qalırsan. Təbii ki, bu məbləğ hər bir ailənin büdcəsinə uyğun deyil. Odur ki, restoranlar şəbəkəsində qiymətlərin tənzimlənməsinə ehtiyac var. Bu gün hər kafe və restoran istədiyi qiyməti tətbiq edə bilir. Bir kafede 5 manata təklif edilən qida növü digər kafedə 15 manata təklif olunur. Buna səbəb kimi obyektin arenda pulunun baha olması və yerləşdiyi əraziyə uyğun qiymətin tətbiq olunması göstərilir. Bu cür bəhanələr müştərinin problemi deyil. Müştəri qidanı hər bir kafe və restoranda eyni qiymətə görməlidir. Ən uzağı, 1-2 manat fərq ola bilər. Hazırkı şəraitdə restoranlar şəbəkəsində rəqabətdən söhbət gedə bilməz. Menyusu baha təklif olunan restoranlarda servis haqqının tələb olunması başadüşülən deyil. Çünki servis restoranın xidmətlərinə daxildir. Nəyə görə müştəri buna görə əlavə pul ödəməlidir?!”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə öz növbəsində vurğulayıb ki, servis haqqı adı altında müştəridən əlavə ödənişin tələb olunması qanunaziddir:

“1995-ci ildə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun qəbul olunub. Bu qanun həddindən artıq köhnəlib. Sözügedən qanuna görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti məsuliyyət daşısa da, ortalıqda heç bir iş yoxdur. Baxmayaraq ki, Azərbaycan qanunvericiliyində müştəridən “servis haqqı”nın tələb olunması ilə bağlı maddə yoxdur. Müştəridən “servis haqqı”nın tələb olunması istehlakçı hüququnun pozulmasıdır. Qanunvericiliyə görə, xidmət göstərən tərəf istehlakçılara məcburi əlavə pullu xidmət göstərə bilməz. Bu gün restoranlarda servis haqqı kimi problemlə yanaşı, müştəriyə məcburi şəkildə çay dəstgahı verilir. Müştəri bir stəkan çay içmək üçün əlavə şirniyyatlar da götürməlidir. Nəticədə müştəridən 40-50 manat tələb olunur və bu, anormal haldır.

Əgər müştəriyə öncədən servis haqqı barədə məlumat verilərsə, bu vəziyyətlə barışmaq olar. Lakin müştəriyə heç bir məlumat vermədən sonda hesab ödənişi zamanı əlavə ödəniş tələb olunur. Bu halda müştərinin servis haqqını ödəməmək ixtiyarı var. Qeyd edim ki, bəzən restoranlarda servis haqqı 20 faiz təşkil edir. Ona görə də Nazirlər Kabineti ciddi addımlar atmalıdır və bu məsələyə son qoymalıdır. Çünki mövcud vəziyyət ölkədə turizmin inkişafına da böyük zərbə vurur. Bu yaxınlarda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlakçı məmnuniyyəti standartı qəbul olunub. Lakin təəssüf ki, qəbul olunan qərar gizli saxlanılır və tətbiq olunmur”.

Gülşən Şərif

www.yenicag.az

767
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv