!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsul Mirhəşimli: “Bu xəbərlər oxucunun daha çox əsəblərinə toxunur”

!Reklam – Yazi

Araşdırmaçı jurnalist Rəsul Mirhəşimlinin Avropa.info-ya müsahibəsi:

– Sizcə, ənənəvi media ilə yeni medianın arasında hansı fərqlər var?

– Ənənəvi, yəni yazılı və vizual mətbuat (qəzet, jurnal və televiziya) xəbərlərin bu yolla çatdırıldığı və rabitə qurulduğu vasitədir. Bu yayım vasitələri əsasən təktərəfli əlaqələr yaradan orqanlardır. Başqa sözlə, ənənəvi mətbuatda oxucu yalnız isteklakçıdır. Oxucunun bu orqanlarla birbaşa bağlantıları istisnalar təşkil edir. Bu dövrün mətbuatı xəbərləri hazırlayır, onu oxucuya çatdırır, oxucu isə rəylərini birbaşa bu media qurumlarına çatdıra bilmirdi. Bəzi istisnalar oxucu məktubları ilə gerçəkləşirdi.

Oxucu qəzeti alır, bəyəndiyi çap məhsulunun daimi alıcısına çevrilir, yaxud hər hansı qəzeti onun maraqlarına uyğun yazılar dərc etmirdisə, onu təkrar almaqdan imtina edirdi. Çap mediası əsasən oxucunun, yaxud abunəçinin hesabına maddi-texniki imkanlarını artırır, maliyyə vəsaitləri cəlb edə bilirdi.

Bu baxımdan yeni media ənənəvi mətbuatdan fərqlənir. Yəni cüzi vəsait hesabına internet media təsis edib, onun yayımını təşkil etmək mümkündür. Bir çox hallarda bu mediaya oxucu öz irad və təkliflərini onlayn şəkildə çatdıra bilir.

Xəbər portalları istehsal etdiyi məlumatları sosial şəbəkələrdə yayır, bu şəkildə daha çox oxucu kütləsi qazanır. Oxucu isə paylaşılan xəbərlərə anında münasibət bildirə bilir.

– İndi klassik məna kəsb edən qəzetçiliyin yeni mediadan üstünlükləri nə idi?

– Qeyd edim ki, operativlik baxımdan yeni media ənənəvi mətbuatdan köklü şəkildə fərqlənir. Burada əsas diqqəti qəzetçiliyin üzərinə çəkmək istəyirəm. Dövrilik baxımdan gündəlik qəzetlər belə, operativliyinə görə yeni mediadan ən azı bir gün geri qalırdı. Bu gün baş verən hadisələrin xəbərləri redaksiyada hazırlanır, ertəsi günü oxucuya çatırdı. İnternet mediası isə baş verən hadisələri anında oxucuya çatdıra bilir. Hadisə yerindən canlı yayım etməklə isə yeni media ənənəvi mətbuatı daha çox geridə geridə qoyur.

Lakin ənənəvi mətbuatı yeni mediadan fərqləndirən bir cəhət araşdırmaların olmasındadır. Qəzetçilik ənənəsinin geniş yayıldığı illərdə jurnalist bir araşdırma yazısı hazırlmaq üçün bir neçə obyektin ünvanı ilə dəfələrlə əlaqə qurur, çoxlu sayda informasiyaların arasından doğruluğuna əmin olduğu məlumatları toplayır, bu şəkildə məqaləsini redaksiyaya təqdim edirdi. Bu araşdırmalar jurnalist imzalarının tanıdılması baxımından müsbət əhəmiyyət kəsb edirdi.

Yeni mediada bu xüsusiyyət bir çox hallarda aradan çıxır, vaxtilə sanballı yazıları ilə tanınan bir çox jurnalist internet medianın axarında imzasını itirir. Ən maraqlı məqalə belə bir çox hallarda onu yazanın deyil, media orqanının adı ilə tanınır.

– Azərbaycan mətbuatı bu iki ənənəvi mətbautdan yeni mediyaya keçidə nə dərəcədə uyğunlaşa bilib?

– Qısa zaman kəsiyində olsa belə, Azərbaycan oxucusu öz maraqlarına uyğun media qurumlarını seçə bilib. Oxucu bilir ki, ciddi xəbərləri oxumaq üçün hansı xəbər portalına və yaxud agentliyin məlumatına baxa, şou tipli xəbərləri hansı mediadan izləyə bilər. Zaman keçdikcə ciddi xəbərlərdən uzaq olan media qurumları oxucunun maraqlarından uzaq düşür. Hay-küylü xəbər başlığı ilə oxucunu aldatmaq cəhdində bulunan saytlara kimsə ikinci dəfə baxmaq istəmir.

– Bəzən bu fikir də səslənir ki, mətbuat oxucunun zövqünü korlamaqla məşğul olur. Yəni aşağı səviyyəli şou xəbərlərlə daha çox oxucu qazanmaq meyllərindən söhbət gedir…

– Mətbuat istehsalçıdır, oxucu isə istehlakçı. İstehsalçı hansı keyfiyyətdə məhsul istehsal etsə, oxucunun zövqünü də həmin istiqamətdə kökləyəcək. Bəzən bu fikir də əsas gətirilir ki, ciddi yazıları oxucu oxumaq istəmir. Amma mətbuat orqanı oxucular arasında hədəf kütləni müəyyən etmək istəyirsə, bunu bilməlidir ki, onun izləyiciləri arasında bütün təbəqələrdən insanlar var. Medianın işi xəbər verməkdir, lakin eyni motivli məlumatların daha çox yayılması oxucuda qıcıq doğurur.

Təsəvvür edin ki, günə yeni başlamış oxucu istənilən saytı açır və gözünə ilk görünən kriminal xəbərlər çıxır. Bəzən bu məlumatların ağırlıq dərəcəsini xəbər başlıqları ilə daha da artırırlar. O zaman həmin oxucu bu psixiloji gərginliklə işinə, çevrəsinə, sağlamlığına nə dərəcədə yararlı ola bilər?

Bu amilləri nəzərə alan mətbuat orqanı xəbər siyasətində balans yaratmağı bacarmalı, oxucunu qıcıqlandıran məlumatlardan uzaq durmalıdır.

Bəzən xəbər başlıqları ilə başqa ölkədə olmuş hadisəni bizdə baş vermiş kimi göstərmək oxucunun daha çox əsəblərinə toxunur.

Media qurumlarının təmsilçiləri bir çox hallarda bu məsələyə etinasız yanaşsalar da, hər dəfə oxucu itirməsi təhlükəsi ilə üz-üzə qalır.

Yenicag.az

www.yenicag.az

1295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv