“Rezin” olmadığı üçün dünyaya gələn körpənin sellofanda bitən həyatı

Bu dəfə redaktordan xüsusilə rica etdim ki, yazının başlığında “Aqil Bəkir yazır” cümləsindən istifadə etməsin. Çünki yazmağa utanıram. Təəssüf ki, yazmağa utandığımız başımıza gəlib.

Gecəni hansısa siyasətçinin baş-ayaq durması ilə qapamışdıq, səhərimizi isə Masazırda yeni doğulmuş körpənin onu dünyaya gətirən məxluq tərəfindən küçəyə atılması və ölümü xəbərilə açdıq.

Cəmiyyətimizdə bu kimi insanların olduğunu bilmək və artdığının şahidi olmaq ağrıdıcıdır. Lakin üzərində durmaq istədiyim məsələ kimlərinsə davranışı deyil, burada əsas problem insanlarımızın cinsi əlaqəyə girmə şəkilləridir.

Sekslə məşğul olmağı kimsə başqa birinə irad tuta bilməz, hər kəs azaddır, hamı özündən məsuldur. Lakin toplum olaraq sorğulaya biləcəyimiz bir xüsus var ki, o da cinsi əlaqənin sağlıqsız yollarla baş tutmasıdır. Mən nə həkiməm, nə seksoloqam, ancaq bu cəmiyyətdə yaşadığım, hər düşüncəsinə bələd olduğum üçün deyə bilərəm ki, bir çox “kişiciyəz” intim münasibətdə qorunma üsullarından istifadə etməyi özünə sığışdırmır, nəticədə müxtəlif xəstəliklər qapır və ya tərəfdaşına xəstəlik ötürür, ən ağır formada isə “istənilməyən uşaq” dünyaya gəlir, ya da dünyaya gəlməmişdən qabaq aldırılaraq “problem” həll edilir. Nə edəcəyini bilməyən şəxslər isə üzərində durduğumuz məsələdəki yola əl atır.

21-ci əsrdə cinsi münasibətə girərkən qorunma üsullarından danışmaq da ayrı bir dərddir. Birinin “çılpaq” ehtirasının qurbanı nə üçün məsumlar olmalıdır? Niyə kişilik belə şeylərlə ölçülməlidir? Nə üçün qadınlarımız bu cür yola əl atmalıdırlar?

Vaxtında “rezin” adlandırılan zaddan istifadə edilsəydi, o körpənin həyatı sellofanda bitməyəcəkdi.

Günümüzə, güzəranımıza bax da.

Ötən yazıda hərbi xidmətdə vəfat edən gənc əsgərin ölümünün cəmiyyətdə sıfır reaksiya ilə qarşılandığından yazmışdım. Görürəm ki, yenə eyni vəziyyətdir. Siyasətçinin başıaşağı durmasından danışırıq, hansısa sərsəmin polisi təhqir etməyindən yazırıq, Bəhram Bağırzadənin “şəhərli-kəndli” məsələsini gündəmdən düşürmürük, ancaq market sellofanında ölən bir körpənin həyatı bizim üçün önəmsizdir.