SpaceShipTwo kosmik aparatının uğurlu test uçuşundan sonra Virgin Galactic şirkətinin həmtəsisçisi Richard Branson nə zaman kosmik turist qismində kosmosa uçacağı barəsində məlumat verib.
Britaniyalı milyarder Richard Branson uzun müddətdir ki, kosmosa uçmaq istədiyini bildirir.
Bu ilin may ayında o bildirmişdi ki, bir neçə aydan sonra kosmosa uçacaq. İndi isə o, digər zaman intervalı barəsində məlumat verib. “Mən ümid edirəm ki, gələn ilin ortasında mən kosmosa uçacam. Bundan sonra isə digər turistlər də kosmosa uça biləcəklər” – deyə Richard Branson CNBC Power Lunch verlişinə müsahibəsində bildirib.
Bununla belə milyarder qeyd edib ki, o, təqribi zamanın seçilməsində səhv də edə bilər. Yəni onun gələn ilin ortasında kosmosa uçub-uçmayacağı hələki dəqiq deyil. “Mən əksər hallarda zaman seçimini düzgün qiymətləndirmirəm. İndi bizim sahib olduğumuz şeylərin əldə olunması üçün 14 il vaxt lazım oldu. Mən düşünürdüm ki, bunun üçün 7 il bəs edəcək” – deyə Richard əlavə edib. Branson əmindir ki perspektivli olan kosmik turizm sahəsindəki bütün rəqiblər arasında məhz Virgin Galactic şirkəti ilk olaraq kommersiya məqsədli xidməti təqdim edəcək. İlk mərhələlərdə kosmosa olacaq bir biletin qiyməti 250.000$ təşkil edəcək.
Branson-un fikrincə növbəti onilliklərdə biletlərin qiymətləri 40.000-50.000$-a düşməlidir. Bundan əlavə olaraq Virgin Galactic şirkətinin xidmətlərindən yararlanmaq istəyənlərin sayı isə artıq 600 nəfərdən çoxdur. Əgər Branson-un proqnozları düz çıxsa, onda hər bir kosmik səyahət zamanı kosmik aparatın daxilində 6 nəfər turist və nəfər şirkət əməkdaşı olmaqla ümumilikdə 8 nəfər atmosfer sərhədindən kənara çıxa biləcək. Bu səyahət 2.5 saat çəkəcək. Həmin vaxtın 6 dəqiqəsini turistlər çəkisizlik şəraitində keçirəcəklər. Daha sonra isə SpaceShipTwo kosmik gəmisi Yer kürəsinə geri qayıdacaq./Technote/