Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa bitərəf namizəd olan Rizvan Nəbiyev seçicilərlə növbəti görüşünü keçirib.
Yenicag.az xəbər verir ki, budəfəki görüş Xırdalan şəhər Mədəniyyət Mərkəzində təşkil olunub.
Görüş zamanı deputatığa namizədin seçki platformasının əsas istiqamətləri barədə seçicilərə məlumat verilib.
R.Nəbiyev söyləyib ki, Abşeronda kiçik və orta sahibkarlığın inkişafının stimullaşdırılması, əhalinin, o cümlədən gənclərin sosial-iqtisadi problemlərinin həlli istiqamətində qanunvericilik çərçivəsində addımların atılması, bu sahədə müvafiq qanunvericilik aktlarının qəbulunun təşviq edilməsi onun üçün prioritet məsələlərdən biridir.
Deputatlığa namizəd bildirib ki, seçiləcəyi təqdirdə rayonda insanların ekoloji baxımdan sağlam mühitdə yaşamasının təmin edilməsi istiqamətdə praktiki addımların atılması üçün səylərini əsirgəməyəcək.
O, Xırdalan küçələrində anti-sanitariya şəraitinin yaxşılaşdırılması və məişət tullantılarının daşınması işinin təkmilləşdirilməsinə dəstək verəcəyini vurğulayıb.
R.Nəbiyev əlavə edib ki, rayonda şagird sıxlığını nəzərə alaraq yeni orta məktəb binalarının tikilməsi, gənclərin asudə vaxtlarını sağlam və səmərəli keçirməsi üçün ödənişsiz məkanların (məsələn futbol meydançaları və s.) yaradılmasına nail olunması məsələləri də onun gündəliyində olacaq.
O, insanların sosial rifahının yaxşılaşdırılması, onları narahat edən aktual məsələlərin həlli və çatışmazlıqların aradan qaldırılması istiqamətində davamlı və koordinasiyalı iş aparılacağını seçicilərin diqqətinə çatdırıb.