Fransa millisinin sabiq futbolçusu Patris Evra Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştiano Ronaldo ilə bağlı maraqlı açıqlama verib.
Yenicag.az xəbər verir ki, vaxtı ilə “Mançester Yunayted”də Ronaldo ilə komanda yoldaşı olan Evra, ulduz futbolçu ilə bağlı xatirələrini bölüşüb:
“Bunu hamıya məsləhət görə bilərəm. Əgər Ronaldo sizi evinə yeməyə dəvət etsə, getməyin. Sadəcə, “yox” deyin. Bir dəfə məşqdən sonra mənə təklif etdi, razılaşdım. Yorğun idim. Masada sadəcə, salat, soyutma toyuq və su var idi. Heç qəlyanaltı belə yox idi. Yeməyə başladıq. Sonra ət yeməyinin gəlməsini gözlədim, amma gəlmədi. O yeməyini yeyəndən sonra ayağa qalxıb topla oynamağa başladı. Mənim də onunla birlikdə oynamağımı istədi. Ardınca üzməyi təklif etdi. Bilmədim məni yeməyə çağırmışdı, yoxsa məşqə. Çünki ertəsi gün oyunumuz var idi. Buna görə də heç kimə onun evinə getməyi məsləhət görmürəm. Çünki o məşq etməkdən əl çəkmək istəmir.
Bir gün Rio Ferdinandla stolüstü tennis oynadı və məğlub oldu. Hamımız Ronaldonu ələ saldıq. Kefinin pozulduğu açıq-aşkar hiss olunurdu. Dərhal qohumunu stolüstü tennis almağa göndərdi. İki həftə məşq etdikdən sonra hamının gözü qarşısında Ferdinandı məğlub etdi”.