Rövşən Rzayev Ağcabədidə məcburi köçkünlərlə görüşdü

Mayın 30-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ağcabədi rayonunda Taxtakörpü qəsəbəsində Laçın rayonundan olan məcburi köçkünləri eləcə də Ağcabədi, Bərdə, Tərtər və Ağdam rayonlarında məskunlaşan 200 nəfərə yaxın məcburi köçkünləri qəbul edib.

Komitədən Yenicag.az-a verilən xəbərə görə, qəbul zamanı məcburi köçkünlər tərəfindən əsasən mənzil, qeydiyyat, kommunal xidmətlər, yol təmiri, təmir-bərpa, işədüzəlmə və digər bu kimi məsələlərlə bağlı kollektiv və fərdi qaydada müraciətlər edilib.

Qəbulda müraciətlərin əsasən mənzillə bağlı olduğunu nəzərə alaraq Dövlət Komitəsinin sədri qeyd edib ki, ölkədə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli həmişə olduğu kimi hazırda da Azərbaycan prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Ölkəmizin birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində irimiqyaslı işlər, sosial yönümlü layihələr həyata keçirilir. Buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər olmasını vurğulayan Rövşən Rzayev həmin soydaşlarımızın mənzil-məişət şəraitinin mərhələli və sistemli şəkildə yaxşılaşdırılması üçün addımlar atılacağı ilə bağlı məlumat verib.

Dövlət Komitəsinin sədri məcburi köçkünlərin müraciətlərini, şikayət və təkliflərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə araşdırılması və həlli üçün konkret tapşırıqlar verib. Qəbula gələn məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Rövşən Rzayev Respublikanın digər rayonlarında məskunlaşan məcburi köçkünlərlə də görüşlər keçiriləcəyini bildirib.