“Sosial şəbəkələrdə məni ən çox qıcıqlandıran şey insanların özlərini “ağıllı” aparıb, məsləhət verməyidir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında aktrisa Röya Rüstəmova sosial şəbəkələrlə bağlı fikrlərini bölüşərkən deyib.
“Sanki hamı eyni fikrə sahib olmalıdır. Heç kimin fikrinə hörmət qoyulmur. Və cəmiyyətimizdə nəsə olan kimi onun həllini tapmaq əvəzinə, lağ obyektinə çevirməyə meyillidirlər. Təbii ki, bu dediklərim hamıya şamil olunmur, amma əksəriyyət belədir. Və bir də hamıya məlumdur ki, sosial platformalarda heç kim özü kimi deyil. Ona görə də dövrümüzdə hamı sosial şəbəkələrə görə hərəkət edir. Heç kim anı yaşamır. Bəli, mən də sosial şəbəkələrdə aktivəm. Amma son zamanlar anı yaşamağı və o anın dadını çıxartmağın tərəfdarı olmuşam. Çünki heç bir kamera öz gözlərimizin görəcəyi qədər mükəmməl çəkmir”.
Aktrisa ona yazılan ən sərt rəylərdən də danışıb:
“Mənə indi sərt yazılan rəylər yoxdur. Ümumiyyətlə, olmayıb. Amma 2018-ci ildə bir post paylaşmışdım. Evli qadınların ərə getdikdən sonra özlərinə olan baxımlarını ikinci plana atmaları barədə. Bu mövzuda çox tənqidlər yazdılar. “Subay vaxtı demək asandır, ərə get, bilərsən” kimi… Mən bunun tərəfdarı deyiləm. İnsan heç bir zaman özünü ikinci plana atmamalıdır. Özünə sevgisi olmalıdır.
“Ərə getdim deyə rahatam”, deyib özlərini sərhədsiz yeməyə və baxımsızlığa yönəltməməlidirlər. Amma bu postuma görə nə qədər tənqidlər gəlsə də, posta şərh bölümümü bağlamamışam. Tərəddüdlərə reaksiyam normaldır. Çünki hər kəsin bir fikri var. Hər ağızdan bir avaz səslənir. Deməyim odur ki, biz hər fikrə görə hərəkət etməməliyik. İnsanın özünün bir fikri düşüncə tərzi olmalıdır. Bu da xarakterdən irəli gəlir. Xarakteri olan insanı nə qədər tənqid edirlərsə, sən o bildiyin fikrində qəti dayanmısansa, ondan səni heç kim döndərə bilməyəcək və müəyyən bir vaxtdan sonra səni də belə qəbul edəcək cəmiyyət. Düzdür, bu müəyyən bir vaxt aparacaq amma necə deyərlər insan özünü əvvəldən necə göstərdisə, elə də qəbul ediləcək”.
Cəvahir