Ruhani Trampa meydan oxudu: “Şərtlərimiz yerinə yetirilməlidir”

İran prezidenti Həsən Ruhani ABŞ lideri Donald Trampla görüşmək üçün şərtlərinin yerinə yetirilməsinin vacibliyini önə çəkib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak edən Ruhani “Fox News”a açıqlamasında ABŞ-la danışıqların mümkünlüyünə toxunub.

Səudiyyə Ərəbistanının neft emalı zavodlarına edilən hücumlara görə İranın günahlandırılmasına reaksiya verən Ruhani irəli sürülən dəlillərin sübut üçün kifayət etmədiyini bildirib:

“Hücumda istifadə olunan raketlərin üzərində “Ya Əli” sözlərinin yazılması bu zərbəni İranın endirməsi demək deyil”.

Ruhani açıqlamasında Yəmən xalqının Səudiyyə Ərəbistanının hərbi təcavüzünə qarşı özünü müdafiə etmək hüququnun olduğunu deyərək, Trampı Yaxın Şərqdə terroru dəstəkləməkdə ittiham edib.

Trampla görüşdən imtina edən Ruhani ABŞ prezidentinin bəzi şərtləri yerinə yetirməsinin vacibliyini bildirib:

“Əgər Tramp müzakirə aparmaq istəyirsə, bunun üçün lazım olan şərtləri yerinə yetirməlidir. Biz sülh istəyirik. İran nüvə sazişindəki öhdəliklərini yerinə yetirdi. ABŞ isə öhdəliklərini yerinə yetirməyərək, sazişdən çıxdı”.

Firuzə Alimova

COP29