“Rus dilindəki dezinformasiya ilə onun azərbaycanca tərcüməsi arasında ciddi fərq və təhrif var” – Aqil Ələsgərdən VİDEO-MÜRACİƏT

“Azərbaycan ərazilərinin işğalının davam etdiyi və düşmən tərəfindən cəbhədə təxribatların intensivləşdiyi indiki həssas məqamda vətəndaşlarımızın narahatlıqlarını nəzərə alaraq, Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, ölkənin ayrı-ayrı tanınmış simalarının və digər şəxslərin xarici dövlətin maraqlarına xidmət etmələri kimi cəfəng və heç bir konkret fakta söykənməyən məlumatların yayılması respublikada sabitliyi pozmaq, dövlət hakimiyyəti orqanlarına inamsızlıq yaratmağa xidmət etməklə uzun illər ərzində formalaşmış Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirməyə hesablanıb. Belə məlumatların yayılmasını Azərbaycan dövlətinə qarşı növbəti təxribat kimi qiymətləndirir, onların düşmən qüvvələrdən qaynaqlandığını bildirərək vətəndaşlarımızı belə məsuliyyətsiz yazılara inanmamağa çağırırıq”.

“Dövlət Təhlükəsizliyi Xidməti yuxarıda qeyd olunan məlumatların yayılma mənbələrinin və bu işdə əli olan qüvvələrin məqsəd və maraqlarının müəyyən edilməsi istiqamətində fəaliyyətini davam etdirir” – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təxribat xarakterli “siyahı” barədə açıqlamasında belə deyilir.

Məsələ ilə bağlı “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər dünən yazılı, bu gün isə video-müraciət yayıb.

Həmin video-müraciəti təqdim edirik:

“Əziz dostlar!

Dəlinin biri quyuya daş atıb, ağıllılardan isə hamı məsələyə münasibət istənilir. Öncəliklə, bu iftiraya ilk andan inanmayan və yanımızda olan dostlara təşəkkür edirəm.

Məsələyə gəlincə, gülünc olmaqla birlikdə çox ağır ittiham ehtiva etdiyindən həmin gecə, anında Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətlərinə müraciət etdim və dövlətimizə təşəkkür edirəm ki, bu təxribat xarakterli cəfəngiyyatla bağlı mövqelərini ortaya qoydular.

Qısaca, xüsusilə Azərbaycan dilində yayımlanan o təxribat siyahı ilə bağlı bir məlumatı nəzərinizə çatdırmaq istəyirəm.

Rus dilindəki dezinformasiya ilə onun azərbaycanca tərcüməsi arasında ciddi fərq və təhrif var. Həmin saytı diqqətlə oxusanız və ya rusca azacıq dil bazanız olarsa, orada “предполагается использовать” ifadəsindən istifadə olunub. Bu 76 nəfərlə əməkdaşlıq edilməsi nəzərdə tutulur və ya arzuolunandır kimi anlamda olan sözlərin “Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlıların SİYAHISI YAYILDI” başlığı ilə dəyişdirilməsi, eyni zamanda sosial şəbəkələrdə həmin yazının “rus agentləri” kimi xüsusilə söyüş müxalifəti adlandırılan bəzi müxaliflər tərəfindən tirajlanması da göstərir ki, bu hər hansısa subyektiv təşəbbüs, özfəaliyyət deyil. Məhz ölkəmizə qarşı oynanılan oyunun bir parçası, şərti olaraq 5-ci kalon adlandırılan məlum şəbəkənin planlı təxribatıdır.

Bu siyahıda olan çox dəyərli və öz gücünə xarici media və QHT-lərlə əməkdaşlıq edən, ölkə xaricində də tanınan insanların adı var. Əlbəttə ki, Biləcəridən bu tərəfdə belə tanınmayanlardan fərqli olaraq, o şəxslərlə əməkdaşlıq etmək, onlarla əlaqə qurmaq bir çox qurumun arzusu ola bilər. Ancaq ortada nə fal, nə də yumurta olmadan, “bizim adımız niyə yoxdur” kimi bəsit arqumentin arxasına sığınaraq, bu insanları töhmət altında qoymaq insani cəhətdən vicdansızlıq və ölkənin hazırda yaşadığı situasiya və Rusiya ilə mövcud durum nəzərə alınarsa, təxribat və provokasiyadır.

Mən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə, bu cəfəngiyyatı vaxtında ifşa etdiyinə görə təşəkkür etməklə yanaşı rus dezinformasiyasının daha da təhrif olunaraq, Azərbaycanda tirajlanmasının səbəbləri dərindən, ən incə ayrıntısına qədər araşdırılmasını rica edir, özüm də bu təxribatın ifşası ilə bağlı nə lazımsa, məlumat verməyə hazır olduğumu bəyan edirəm. Qoy bu məkrli planın bütün iştirakçıları, hətta yazan şəxsin dediyi kimi əgər bu cəfəngiyyatı ona göndərən mənə ondan da yaxın adamdısa, o da dövlətimizin ədaləti qarşısında cavab versin.

Diqqətinizə görə, təşəkkür edirəm”.