Rus dilli məktəblər ləğv olunmalıdır?- Tənzilə Rüstəmxanlıdan yeni təklif

Son günlər Azərbaycan və Rusiya arasındakı siyasi münasibətlərdə artan gərginlik fonunda ölkəmizdə fəaliyyət göstərən rusdilli məktəblərin bağlanması və ya dövlət tərəfindən maliyyələşdirilməsinin dayandırılması məsələsi yenidən gündəmə gəlib.

Bu mövzu cəmiyyətdə geniş müzakirələrə səbəb olub və müxtəlif yanaşmalar irəli sürülməkdədir. Hazırda Azərbaycanda orta məktəblərdə təhsil alan şagirdlərin təxminən 10%-i, yəni 150 mindən çoxu rus bölməsində oxuyur. Bəzi ekspertlər və ictimai xadimlər bu məktəblərin tamamilə bağlanmasını və ya pullu təhsil müəssisələrinə çevrilməsini təklif edirlər. Onların fikrincə, dövlət tərəfindən maliyyələşdirilən rusdilli təhsil Azərbaycan dilinin mövqeyini zəiflədir və ölkənin milli kimliyinə təsir edir. Digər tərəfdən, rus bölməsinin qorunub saxlanılmasının tərəfdarı olanlar bunun təhsil sistemində seçim azadlığını və beynəlxalq inteqrasiyanı gücləndirdiyini iddia edirlər.

Mövzu ilə bağlı millət vəkili Tənzilə Rüstəmxanlı Musavat.com-a danışıb:

“Azərbaycan təyyarəsinin Qroznı səmasında  vurulmasından sonra rəsmi Bakının Moskvaya qarşı haqlı tələbləri Kremlin xoşuna gəlmədi.  İlkin dövrdə yanlış münasibət bir yana, ardınca da Azərbaycan mətbuatını Rusiyanın ünvanına əsassız ittihamlar irəli sürməkdə günahlandırmaq da bunun təzahürüdür. Bu məsələdə dövlət başçısı sözünü qəti və net olaraq çatdırıb. Burada əlavə şərhlərə ehtiyac yoxdur. Biz Rusiyanı hadisəni qəsdən törətməkdə ittiham etmirik. Hadisədə Rusiya vətəndaşları da həlak olub. Sadəcə, təyyarəmizi vurublarsa, zərərçəkənlərin təzminatını ödəməlidirlər. Kreml bu reallıqla barışmalıdır.

Zaman-zaman İran və Rusiya ilə fikir ayrılıqlarımız yaranır, bəzən isə qarşıdurma səviyyəsinə qədər gedib çıxır. Ancaq bütün hallarda prinsipial və qətiyyətli mövqe nümayiş etdirməklə yanaşı, qonşu dövlətlərlə münasibətlərimizi qorumağa çalışmalıyıq. Mən indiki məqamda Rusiya ilə münasibətlərin gərginləşdirilməsinin yox, problemlərin aradan qaldırılmasının tərəfdarıyam. Rusdilli məktəblərlə bağlı məsələyə gəldikdə isə, burda milli məsələ əsas tutulmalıdır. Təbii ki, fərqli dillərdə danışmaq bacarığı müəyyən üstünlük hesab oluna bilər. Amma Ana dilini, tarixini aşağılayıb, başqa bir dilin  təbliğ edilməsi, vətəndaşların vergiləri hesabına formalaşan büdcədən bu istiqamətə vəsait yönləndirilməsi, məqsədindən asılı olmayaraq, qəbuledilməzdir. Fərdi qaydada istənilən şəxs öz vəsaiti hesabına gedib, istədiyi dili öyrənə bilər və buna heç kim qarşı da çıxmır. Ancaq bu dilin “fövqəltəbii” vacibliyini qabardıb, orta məktəblərimizdə əsas dil kimi tədris olunması, təhsil sistemimizin bir parçasına çevrilməsi normal və anlaşılan bir durum deyil. Rusdilli məktəblərin dövlət büdcəsi hesabına maliyələşdirilməsi  olmaya da bilər, özəl məktəblər aça bilərlər. Mən düşünürəm ki, rus dilini ikinci bir dil kimi təqdim etməkdən vaz keçilməlidir”.