!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rus general Mütəllibovdan Xalq Cəbhəsinə qarşı güc tətbiq etməyini istədi" - Vahid Əhmədov 

!Reklam – Yazi

“Prezident Aparatının həyətində kifayət qədər hərbi texnika cəmləşdirilmişdi və xeyli hərbçi vardı”.

Milli Məclisin deputatı Vahid Əhmədov 1992-ci il mayın 14-15-də Ayaz Mütəllibovun hakimiyyətə bir günlük təkrar qayıdışının indiyə qədər açıqlamadığı detallarını Yenicag.az-a danışıb.

Bu gün 1992-ci il mayın 14-də Azərbaycanın ilk prezidenti – həmin il martın 6-da istefa verən Ayaz Mütəllibovun hakimiyyyətə təkrar qayıdışından 26 il ötür.

Şuşanın işğalından sonra ölkədə yaranmış xaosdan istifadə edən Mütəllibovun tərəfdarları səlahiyyətləri Milli Şuraya verilmiş Ali Sovetin sessiyasını çağıraraq, könüllü istefa vermiş sabiq dövlət başçısını yenidən hakimiyyətə gətirdilər.

Lakin Mütəllibovun 2-ci hakimiyyət dönəmi cəmi bir gün davam etdi. Ertəsi gün – mayın 15-də xalqın kütləvi etirazı qarşısında davam gətirməyəcəyini anlayan Mütəllibov ölkəni tərk etmək məcburiyyətində qaldı.

O dövrdə fəaliyyət göstərən qanunverici orqan – Milli Şuranın üzvü olmuş Vahid Əhmədov 26 il əvvəlki proseslərlə bağlı məqamları Yenicag.az-la bölüşüb:

“Bildiyiniz kimi, mən hələ 14-15 may hadisələrindən əvvəl prezidentin səlahiyyətlərini icra edən Yaqub Məmmədov tərəfindən baş nazirin müavini vəzifəsinə təyin olunmuşdum. Ona görə də, Milli Məclisdən çox Nazirlər Kabinetində olurdum.

Ümumiyyətlə, Şuşanın işğal edilməsindən sonra ölkədə vəziyyət xeyli gərginləşdi. Bu gərginliyin dalğasında Ali Sovetin sessiyası çağırıldı və həmin sessiyada Ayaz Mütəllibov yenidən hakimiyyətə gətirildi.

Yenə deyirəm, mən Naizrlər Kabinetində əyləşdiyim üçün Ali Sovetin 1992-ci il 14 may tarixli sessiyanın hansı şəraitdə çağırılması haqda məlumatlı deyiləm. Ancaq həmin sessiyada Mütəllibovun 1992-ci ilin martında istefasının qəbul olunması haqda qərar ləğv edildi.

Bununla belə, Mütəllibovun təkrar hakimiyyətə qayıdışı uzun çəkmədi. Ertəsi gün – mayın 15-də Xalq Cəbhəsi onu hakimiyyətdən götürdü və Mütəllibov ölkəni tərk etməli oldu”.

Vahid Əhmədov 1992-ci il mayın 15-də özünün iştirakı ilə baş vermiş hadisəni ilk dəfə Yenicag.az-a danışıb:

“Bu barədə mətbuata ilk dəfədir ki danışıram. Deməli, mayın 15-də Mütəllibovun köməkçisi Gürşad Zərbəliyev zəng vuraraq, onun mənimlə görüşmək istədiyini dedi. Mən də rəhmətlik Rauf Gülməmmədovla (baş nazirin müavini, daha sonra Bakı şəhər icra hakimiyyətinin başçısı – m.) birlikdə Prezident Aparatına getdik. Ancaq orada Rauf müəllimi içəri buraxmadılar.

Aparatın həyətində kifayət qədər hərbi texnika cəmləşdirilmişdi və xeyli hərbçi vardı. Kabinetə girdikdə gördüm ki, içəridə Ayaz Mütəllibov, o vaxtkı baş nazir Rəhim Hüseynov, milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov və rus desant qoşunlarının general-polkovnik rütbəli zabiti oturub.

Mən keçib əyləşəndə içəridəkilər mübahisə edirdilər. İlhüseyn Hüseynov və rus general-polkovnik Xalq Cəbhəsinə qarşı güc tətbiqində təkid edirdilər. Onlar Mütəllibovu inandırmağa çalışırdılar ki, Xalq Cəbhəsinə qarşı əməliyyat keçirmək vacibdir və bu zaman 5-10 nəfərin həlak olması istisna olunmur.

İndiki kimi yadımdadır, Mütəllibov onlara cavab verdi ki, əgər bir nəfər belə azərbaycanlının qanı töküləcəksə, mənə o hakimiyyət lazım deyil.

Daha sonra mənə dedi ki, Cəbhə ilə vəziyyəti müzakirə etmək lazımdır. Ona cavab verdim ki, artıq gecdir və Cəbhənin rəhbərliyi ilə hərəkət edən izdiham artıq Milli Məclisə yaxınlaşır. Söhbətimizdən sonra Prezident Aparatını tərk edib Nazirlər Kabinetinə, az sonra isə Milli Məclisə yollandım. Mütəllibovun Aparatı və Bakını nə zaman tərk etdiyini isə bilmirəm.

Bu detalı da ona görə danışdım ki, o hadisələr zamanı belə bir ciddi məqam olduğunu ictimaiyyət bilsin”.

A.Zeynalov

www.yenicag.az

3402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv