Rus hərbçilərinin Qarabağda erməniməramlı fəaliyyəti: “Ərazilərimizin işğal edilməsi ancaq yuxu ola bilər”

“1988-ci ildə baş verən hadisələrin təkrarlanıb Azərbaycan ərazilərinin işğal edilməsi ancaq yuxu ola bilər”.

Bunu o vaxtkı ardıcıl mitinqlərdən sonra baş verən proseslərin yenidən təkrarlanma ehtimalını şərh edən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, bəzi ekspertlər hazırkı prosesləri 1988-ci il hadisələri ilə müqayisə etməyə çalışır:

“Həmin dövr hadisələri indiki proseslərlə eyni deyil. 88-ci ildə həm Azərbaycan, həm də Ermənistan SSRİ-nin tərkibində idi. O vaxt Azərbaycanın prosesləri sakitləşdirmək üçün kifayət qədər resursları yox idi. Lakin dövr dəyişdi. Azərbaycan artıq güclü iqtisadiyyata, güclü orduya malik dövlətdir. Qanunsuz hərəkətlərin qarşısını almaq üçün Azərbaycan lazımi gücə sahibdir.
Rus hərbçilərinin Qarabağda erməniməramlı fəaliyyətinə baxmayaraq, prosesləri nəzarətdə saxlamaq üçün Azərbaycanın kifayət qədər resursları var.

Şuşa-Xankəndi yolunda Azərbaycanlı ekoaktivistlərin keçirdiyi aksiya beynəlxalq ictimaiyyətə mesajdır.

Meydan hərəkatı hadisələrinin təkrarlanaraq Azərbaycan ərazilərinin işğal edilməsi ancaq yuxu ola bilər. 2021-ci il 15 iyunda Azərbaycan-Türkiyə arasında Şuşada müttəfiqlik bəyannaməsi imzalandı. Bu, Azərbaycan üçün əsas təminatlardan biridir.

Azərbaycanın beynəlxalq miqyasda nüfuzu zirvələrdədir. Texnologiya dövrü Ermənistan və Rusiya tərəfindən aparılan anti-Azərbaycan propaqandasının qarşısını almağa icazə verir. Bu baxımdan proseslərin təkrarlanması real görsənmir”.

Nəsimi Ələsgərli