!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rus sülhməramlılar Ermənistana sərt xəbərdarlıq etməsə, Azərbaycan lazımi cavabı verəcək" - ŞƏRH

!Reklam – Yazi

“Əgər sülhməramlılar hansısa reaksiya vermirlərsə, bu halda Azərbaycan dövləti öz ordusunun gücünə təxribatların qarşısını alacaq və lazımi tədbirlər görəcək”.

Bu fikirləri bu gün Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında erməni terrorunun baş verməsi və eyni zamanda günorta saatlarından başlayaraq erməni silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətini atəşə tutmasına münasibət bildirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin 30 ilə yaxın müddət ərzində ölkəmizə qarşı yürütdüyü siyasətin mahiyyətindən məlumdur ki, qələbəmizdən sonra da təxribatçı addımlarını davam etdirəcək və bu addımlar gözlənilən olduğu üçün Azərbaycan tərəfi öz hesabatını aparıb:

“Bütün hallarda təxribatçı addımların qarşısını almaq üçün Azərbaycanla yanaşı, Rusiya da ortaya sərt mövqe qoymalıdır. Çünki Rusiya dövləti 10 noyabr bəyanatı ilə proseslərin qarşısını almaq və regionda sülhün bərqərar olması ilə bağlı missiyanı öz üzərinə götürüb. Ona görə də təxribatların qarşısının alınması ilk növbədə rus sülhməramlılarının üzərinə düşür. Əgər sülhməramlılar hansısa reaksiya vermirlərsə, bu halda Azərbaycan dövləti öz ordusunun gücünə təxribatların qarşısını alacaq və lazımi tədbirlər görəcək. Fikrimcə, Ermənistanın məqsədyönlü təxribatçı addımlarda əsas niyyəti vaxtı müəyyən qədər uzatmaq və diqqətləri yayındıraraq münaqişənin hələ də davam etdiyini nümayiş etdirməkdən ibarətdir. Eyni zamanda, Ermənistan 10 noyabr bəyanatında üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Əgər rus sülhməramlılar Ermənistan tərəfinə sərt xəbərdarlıq etməsə, Azərbaycan lazımi cavabı verəcək”.

Bugünkü erməni təxribatlarının regionda yenidən qlobal müharibəyə səbəb olmayacağını hesab edən Xəyal Bəşirov qeyd edib ki, Azərbaycan bu cür hadisələrin qarşısını lokal səviyyədə alacaq:

“Bu gün Ermənistanın elə bir güclü ordusu yoxdur ki, Azərbaycana qarşı müharibə etsin. Həmçinin növbəti müharibəyə cəhd etmək üçün Ermənistan ordusunda və cəmiyyətində ruh yüksəkliyi də yoxdur. Hər bir halda, təxribatçı addımlar xalqımızın haqlı narazılığına və narahatlığına səbəb olur. Bununla bağlı sülhməramlı missiyasını həyata keçirən Rusiya və daha sonra Azərbaycan ordusu prinsipial mövqeyini ortaya qoymalıdır. Ermənistan Azərbaycanın ortaya qoyduğu sülh təşəbbüslərini öz adına yazmağa cəhd etsə də, atdığı addımlar səsləndirdiyi fikirlərə tamamilə ziddir. Ermənistanın təxribatçı addımlarını ictimailəşdirməklə düşmənin gerçək məqsədini bir daha beynəlxalq aləmə çatdıra bilərik. Çünki Ermənistan mümkün qədər regionda gərginliyi və narahatlığı artırmağa çalışır”.

Gülşən Şərif

www.yenicag.az

668
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv