Son günlər Ankara ilə Moskva arasında Suriya məsələsi ətrafında mövcud olan gərginlik yenidən alovlanmağa başlayıb. Belə ki, xəbərdarlıq və keçən ilin oktyabrında Türkiyə sərhədini pozan Rusiyaya məxsus SU-24 hərbi təyyarəsinin vurulmasına baxmayaraq, şimal ölkəsinin qırıcıları bu dəfə SU-34-ün timsalında yenə də qardaş ölkənin hava sərhədini pozub. Bu fonda Ankara baş verən hadisəyə dərhal reaksiya göstərərək, yenə də Moskvanı anoloji təxribat xarakterli addımlar atmaqdan çəkindirən xəbərdarlıqlarla çıxış etdi. Lakin Kreml yenə də baş vermiş hadisəni inkar etmə yolunu tutdu. Bu azmış kimi, əksinə, indi Rusiyanın özü Türkiyəni öz ərazisindən Suriya torpaqlarına atəş açmaqda ittiham edir.
Görəsən, baş vermiş bu yeni insident Kreml Ilə Ankara arasında bu dəfə daha kəskin qarşıdurmaların baş verməsinə gətirib çıxara bilərmi?
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu Yenicag.az-a açıqlamasında bildirdi ki, iki ölkə arasında yaşanan və davam etməkdə olan gərginliyin müharibəyə gətirib çıxaracağına inanmır: “Türkiyə ilə Rusiya arasındakı münasibətlər gərgin olaraq qalmaqdadır. Amma Türkiyə sərhədinin yenidən Rusiya hərbi təyyarəsi tərəfindən pozulması hadisəsinə qədər həmin münasibətlər müəyyən dərəcədə arxa plana keçmişdi. Bu münasibətlərin kəskinləşməsi sanki yeni olaya qədər unudulma səviyyəsinə düşmüşdü. Lakin bütün hallarda münasibətlər kəskinləşməkdə davam edirdi. Türkiyə sərhədinin pozulması kimi prosesin yenidən gündəmə gəlməsi Latakiya bölgəsində rusların apardığı hərbi əməliyyat və Əsəd qüvvələrinin həmin əraziləri tam şəkildə nəzarətə götürmələrilə müşayiət olundu. Bu anlamda da münasibətlərdə olan gərginlik yenidən üzə çıxdı. Latakiya bölgəsindəki əməliyyata Türkiyənin adekvat və konkret reaksiya verməsini də gözləmək olardı. Bildiyiniz kimi, həmin bölgədə türkmanlar yaşayır. İraq və Suriyada türkmanların mövcud olması isə Türkiyəyə əlavə stimul verən və onun manevr imkanlarını artıran bir faktordur. Hərbi müdaxilələrin birbaşa hədəfində həm də türkmanlar durduğundan Ankara təbii ki, buna mənfi reaksiya verməli idi. Rusiyanın sərhəddə pozuculuq əməllərini davam etdirməsi yenə də kəskin şəkildə qınanmalı idi və Türkiyə də bunu etdi. Moskva bu olayı təkzib etsə də, NATO-nun açıqlamasından da görünür ki, qurum ölkələri də Türkiyə sərhədinin Rusiya təyyarələri tərəfindən pozulması faktını təsdiqlədilər. Türkiyə tərəfi də ən yüksək səviyyədə bəyanat verdi ki, bundan sonra hər hansı bir sərhəd pozuntusu təkrarlanarsa, vur əmri veriləcək. Suriyada gedən proseslər, Rusiyanın kürd amilinə xüsusi diqqət yetirməsi Moskva ilə Ankaranın münasibətlərində qıcıq yaradır. Belədə münasibətlərdə mövcud olan durum bir müddət hələ gərginliyə doğru gedəcək. Amma heç bir şəkildə Rusiya ilə Türkiyənin konkret olaraq açıq şəkildə br-birilə müharibəyə gedəcəyini ehtimal etmirəm. Belə bir şey olmayacaq. Münasibətlər kəskin diplomatik ritorika şəklini alacaq, eyni zamanda, Suriya məkanı daxilində müəyyən kiçik lokal toqquşmalar da ola bilər. Amma bir heç bir halda Moskva ilə Ankara arasında müharibəyə gətirib çıxarmayacaq. Mövcud çərçivədən kənara çıxacaqlarına inanmıram”.
ELÇİN