Rusiya ilə Türkiyə arasında yaşanan soyuqluğun aradan qaldırılması üçün yeni addım jurnalistlərdən gəldi. Bu gün Qaradəniz İqtisadi İşbirliyi Təşkilatı ilə Türkiyənin Afro-Avrasiya Jurnalistlər Dərnəyi arasında əməkdaşlıq protokolu imzalanacaq. Bu barədə Afro-Avrasiya Jurnalistlər Dərnəyinin başqanı Murat Palavar Yenicag.az-a məlumat verib.
Qaradəniz İqtisadi İşbirliyi Təşkilatının Rusiya Təmsilçiliyində gerçəkləşəcək görüş və qarşılıqlı əməkdaşlıq protokolunun imzalanması “təyyarə” krizisindən sonra rus və türk tərəfləri arasında ilk isti addımlardan biridir. Belə ki, 24 apreldən etibarən Qaradəniz İqtisadi İşbirliyi Təşkilatının dönəm başqanlığı Rusiyadadır. Hər iki təşkilat Rusiya ilə Türkiyənin arasındakı problemlərin çözülməsi tərəfdarıdır və bu məsələdə türk və rus jurnalistlərinin üzərinə tarixi missiyanın düşdüyünün fərqindədirlər.
Toplantıda Qaradəniz İqtisadi İşbirliyi Təşkilatının baş katibi Viktor Arkhipov Rusiya-Türkiyə əlaqələri ilə bağlı məlumatları ictimaiyyətlə bölüşəcək.
Qeyd edək ki, Afro-Avrasiya Jurnalistlər Dərnəyi Türkiyənin önəmli jurnalistlərinin birləşdiyi bir təşkilatdır. 2009-cu ildən bəri təşkilatın Qafqaz nümayəndəliyi Azərbaycanda fəaliyyət göstərir və nümayəndəliyin rəhbəri araşdırmaçı yazar Aqil Ələsgərdir.
Yenicag.az