“Rusiya artıq öz qüvvələrini və onları dəstəkləyən əhalinin təhlükəsizliyini təmin edə bilmir” – ŞƏRH
“Ukraynanın Krımdakı aerodromu vurması Rusiya siyasi və hərbi beyin mərkəzlərində böhran yaradıb”.
Bu fikri Ukraynanın Krımdakı aerodromu vurması və müharibənin gedişi haqqında fikirlərini bölüşən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.Elxan Şıxəliyev bildirib ki, Ukraynanın Krımdakı aerodromu vurması Rusiya-Ukrayna müharibəsini yeni mərhələyə keçirdib:
“İndiyə qədər məsafəcə Ukrayna Silahlı Qüvvələrinin silahlanmasında olan raketləri 80 kilometrdən uzağa tətbiq etməmişdilər. Əslində, Ukrayna ordusunun Krımdakı aerodroma raket zərbələri endirməsi ilə Rusiyaya mesaj verildi ki, Kremlin nəzarətə götürdüyü ərazilərdəki əhalinin təhlükəsizliyi Rusiya tərəfindən sığortalanmayıb. Bu, psixoloji müharibənin, xüsusən də Rusiyanın nəzarəti altında olan bölgələrdə yaşayan rusiyayönümlü əhaliyə mesaj baxımından çox ciddi bir addım idi. Bilirik ki, Krım nəzarətə götürüləndən sonra Rusiya həmin əraziyə bir milyona yaxın rusiyayönümlü əhali köçürmüşdü. Dolayısı ilə Krımdakı aerodromun bombalanmasından sonra orada yaşayan əhalinin kütləvi köçü başladı. Nəticə etibarı ilə Rusiyaya qarşı çox böyük inamsızlıq yarandı. Əslində, bu, əhalinin ümidsizliyə qapılması baxımından müharibədə qırılma nöqtəsi sayıla bilər.
Ukraynanın Rusiyaya mesajı ondan ibarət idi ki, silahlanmadakı raketlər 80 kilometrə qədər deyil, artıq 300 kilometr məsafədəki obyektlər də vurula bilər. ABŞ əvvəlcə Ukraynaya HIMARS raketlərinin 80 kilometr məsafədə olanlarını vermişdi. ABŞ 300 kilometr məsafədəki hədəfləri vuracaq HIMARS-ları Ukraynaya verməkdə tərəddüd edirdi. Məsələ ondadır ki, ABŞ artıq o raketləri Ukraynaya verib. Burada önəmli bir məsələ də ondan ibarətdir ki, Rusiyanın müasir sayılan S-300 və S-400 hava hücumundan müdafiə sistemləri HIMARS-ları vura bilmədi. Ukraynanın bu zərbələri nəticəsində Rusiyanın dünyaya çox baha qiymətə satdığı S-300 və S-400-lərin imicləri çox ciddi zədələnmiş oldu.
Nəticə etibarı ilə hava hücumunda üstünlük Ukrayna ordusuna keçmiş sayıla bilər. Rusiya artıq öz qüvvələrini və onları dəstəkləyən əhalinin təhlükəsizliyini təmin edə bilmir. Çünki praktik olaraq bunu o raketlərə qarşı edə biləcək sistemləri yoxdur. Düşünürəm ki, Ukrayna tərəfi bu tempi artıraraq gedəcək. Çünki effekt ortadadır. Ukraynanın Krımdakı aerodromu vurması Rusiya siyasi və hərbi beyin mərkəzlərində böhran yaradıb. Çox ciddi psixoloji təzyiq var. Çünki növbəti mərhələdə Ukraynanın atacağı addımlara qarşı nə ilə cavab verəcəkləri bəlli deyil. Ukraynanın atdığı addımların verdiyi effekti və kəşfiyyat məlumatları xalqda müharibənin sonuna dair müsbət bir ümid yaradır. Ukrayna xalqında belə bir ümid yarandı ki, Rusiyanın işğal etdiyi bölgələr Rusiyanın nəzarəti altında qalmayacaq. Bu yöndən də Ukraynanın Krımdakı aerodromu vurması çox effektiv olub. Rusiya yeni torpaq ələ keçirməkdən daha çox götürdüyü əraziyə necə nəzarət edəcəyini düşünür. Tərəflərin hansının müharibəni daha irəli götürəcəyini önümüzdəki günlərdə görəcəyik”.
Səxavət Məmməd