“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın COP29 ərəfəsində ABŞ-nin Azərbaycana qarşı tutduğu mövqe ilə bağlı səsləndirdiyi fikirlərlə razıyam”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Abdullayev deyib.
Poliotoloq Rusiyanın son dövrlər Azərbaycanpərəst siyasət yürütməsinin əsas məqamlarına və Moskvanın bu siyasətdəki səmimiliyi məsələsinə toxunub. E.Abdullayev qeyd edib ki, hər hansı başqa ölkə bu gün dünyanı idarə edən güclərin, xüsusilə də ABŞ-nin maraqlarına uyğun siyasət yürütməzsə, onlar həmin dövlətə qarşı təzyiq rıçaqlarından istifadə etməyə başlayırlar: “Bu təzyiqlər, adətən, iqtisadi və siyasi sanksiyalar səviyyəsində olur. Hər halda, bütün bunların fonunda deyə bilərik ki, Zaxarovanın sözlərində kifayət qədər həqiqətlər mövcuddur. Lakin bu da bir gerçəklikdir ki, Rusiya artıq dünyanın güc mərkəzləri tərəfindən təcrid olunmuş vəziyyətdədir. Belə olan halda, Kremlin ideoloqlarının gəldiyi qənaət bundan ibarətdir ki, onlar siyasi kurslarını artıq dəyişməli və onlara düşmən yox, dost dövlətlər lazımdır. Çünki Rusiyanın uzun illər ətrafında olan dövlətlərə qarşı aqressiv siyasət yürütməsi, hədə-qorxu dilində onlarla danışması bu gün Rusiyanın öz qonşularını belə Moskvaya qarşı düşmən vəziyyətinə gətirib çıxarıb. Qərb də bundan məharətlə istifadə edərək, zamanında Rusiya ilə yaxın münasibətləri olan dövlətləri öz qanadı altına çəkə bilib. Bu məsələdə örnək kimi Ukrayna, Moldova, Gürcüstan və Ermənistanı göstərə bilərik. Bu gün Ermənistanın özü də siyasi rıçaqlarını Rusiyanın əlindən çıxarıb, Qərbin əlinə verib”.
Siyasi ekspert düşünür ki, Rusiyanın ciddi cəhdlə Azərbaycanı müdafiə etməsi məhz ondan qaynaqlanır ki, Rusiya dostluq əsasında bölgədə öz varlığını sürdürə bilsin: “Əgər Rusiya Azərbaycanla münasibətlərini korlayarsa, onda meydanda tamamilə tək-tənha qalmış olacaq. Ona görə də Moskva bu gün Bakı ilə münasibətlərini qoruyub saxlamağa, necə deyərlər, məhkumdur. Rusiyanın səmimiyyətinə nə qədər inanmaq olar məsələsinə gəldikdə isə deyə bilərəm ki, buna inanmaq olmaz. Biz tarixə də baxanda görürük ki, Azərbaycan və azərbaycanlılar Rusiyanın böyüməsi üçün o dövlətə kifayət qədər yardımlar göstərib. Azərbaycan hər zaman Rusiya ilə isti münasibətlər qurmağa cəhd edib, lakin son 30 ili götürsək və 20 yanvar faciəsindən sonra baş verənlərə baxsaq, görərik ki, zamanında SSRİ-nin güclənməsində mühüm rol oynayan Azərbaycana qarşı onlar hansı siyasəti sərgiləyiblər”.
Mütəxəssis hesab edir ki, Moskva bu gün nə qədər Bakıya isti münasibətlər qurduğunu göstərməyə çalışsa da, Rusiyanın səmimiyyətinə inanmamalıyıq: “Çünki əgər bir dəfə qonşumuzdan zərbə almışıqsa, ikinci dəfə də bunu almağa namizəd sayıla bilərik. Fikrimcə, yeni dünya nizamı başa çatdıqdan sonra əgər Rusiya öz varlığı və mövcudluğunu qoruyub saxlaya bilərsə və söz sahibi olacaqsa, yenə də o, əvvəlki ampluasına qayıdıb digər dövlətlərə qarşı ədalətsiz mövqe sərgiləyəcək, eləcə də səmimiyyətdən kənar hərəkətlər edəcək. Bu baxımdan, biz bu məsələdə ehtiyatlı olmalı və Rusiyanın heç də səmimi siyasət yürütdüyünə inanmamalıyıq”.
Rafi Müslümov