Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

"Rusiya Azərbaycanın əli ilə Paşinyan hökumətinə zərbə vura bilər"

Reklam: Sinerji Pro

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşündən sonra Ermənistan müdafiə naziri Tonoyan işğalçı bəyanat səsləndirib.

Görüşdən sonra bu cür sərt bəyanatın səsləndirilməsi təbii ki, təəccüblə qarşılanıb. Ancaq Paşinyan güc nazirinə dəstək verərək açıqdan-açığa bildirib ki, əgər Tonoyan başqa fikir səsləndirsəydi, onu işdən azad edərdi.

Ermənistan tərəfinin sərt bəyanatları bununla da bitmir. Müxalif düşərgə hakimiyyətə səslənərək bildirib ki, Azərbaycanı “İsgəndər” raketi ilə vurmaq lazımdır.

Azərbaycan tərəfinin yumşaq bəyanatları və “Qaçqınkom” sədrinin timsalında “Tonoyanın danışığına gülməyim gəlir”, deməsi isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Ümumiyyətlə, iki ölkə rəhbərinin görüşündən sonra erməni tərəfi sərt ritorikasını daha da kəskinləşdirib.

Vyana görüşü, sonrakı proseslər və sərt bəyanatları politoloq Nəsimi Məmmədli Yenicag.az-a şərh edib.

Politoloq bildirib ki, Azərbaycan və Ermənistan rəhbərliyi arasında Vyanada baş tutan görüşdən sonra da Ermənistan siyasi və hərbi rəhbərliyinin bəyanatlarındakı sərt ritorikanın davam etməsinin bir neçə səbəbi var:

“Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin görüşünün təfərrüatları açıqlanmasa da, tərəflərin görüşdən sonra verdikləri bəyanatlardan bəzi ehtimallar çıxarmaq mümkündür.

Xatırlayırsınızsa, hələ Vyana görüşündən öncə də Ermənistan tərəfindən iddialı bəyanatlar səslənirdi. Qarabağla bağlı danışıqlarda mövcud siyasi-diplomatik situasiya tamamilə Ermənistanın xeyrinə olsa da, Paşinyan hökuməti daha çox narahat görünür. Bunun üç ciddi səbəbi var.

Birincisi, Ermənistanda hakimiyyətdən uzaqlaşdırılan siyasi qüvvələr vaxtilə Qarabağda hərbi qələbə qazanıb və hakimiyyətdə olduqları müddətdə bu üstünlüyü əldən verməyiblər. Paşinyan bu psixoloji-siyasi gərginliyi daim öz üzərində hiss edir. Qeyri-real olsa da çox iddialı bəyanatlar səsləndirməsi, oğlunu Qarabağda hərbi xidmətə göndərməsi, Ermənistanın təhlükəsizlik şurasının iclasını Xankəndində keçirməsi bununla bağlıdır. O, Rusiyadan ciddi dəstəyi olan müxalifətə bəhanə verməməyə çalışır. Müdafiə naziri David Tonoyanın bəyanatı və Paşinyanın ona uyğun reaksiyası da tamamilə daxili auditoriyaya hesablanıb.

İkincisi, Rusiya hakimiyyəti Ermənistanda Paşinyan hökumətinin güclənməsində və dərin iqtisadi-siyasi islahatlar aparmasında maraqlı deyil. Çünki bu prosesin dərinləşməsi Cənubi Qafqazda Rusiyanın mövqelərini sarsıdır. Paşinyan hökuməti hələ də ehtiyat edir ki, Rusiya Azərbaycanın əli ilə onun hökumətinə zərbə vura bilər. Odur ki, cəmiyyətdə öncəki siyasi komandadan daha güzəştsiz görünməyə cəhd edir.

Üçüncüsü, Ermənistan cəmiyyətində, xüsusilə də gənclər arasında müharibə ritorikasının zəifləməsi müşahidə edilir. Gənclərin əksəriyyəti Avropaya meyllənir. Əsasən də gənclərin yeni hökumətdən tələbləri sırasında Qarabağ məsələsi arxa plandadır. Ölkədə hərbi-vətənpərvərlik ruhunun enməsi Paşinyan hökumətini narahat edir. Hazırkı siyasi şərtlər altında Azərbaycan hakimiyyətinin davranışlarını nə Qərb, nə də Ermənistan proqnoz edə bilir.

Dördüncüsü isə Azərbaycan hakimiyyəti ilə bağlı ola bilər. Bəlkə də Ermənistan tərəfində onları cəsarətli edən hansısa ciddi informasiyalar var ki, Azərbaycan hakimiyyəti bu məəslədə təmkinli davranır. Və ya tərəflər arasında bizə məlum olmayan gizli razılaşma olub və bu razılaşma Azərbaycanın maraqlarına xidmət edir”.

Nəsimi Məmmədlinin sözlərinə görə, Azərbaycan hakimiyyətinin verdiyi reaksiyalar həm də mövcud situasiyanın və görüşün təfərrüatları ilə bağlı ola bilər:

“Görüş tərəflərin mövqeyində ciddi dəyişikliyə səbəb olmadan başa çatsa da, müəyyən razılaşmaların olması da istisna deyil. Xüsusilə də bu razılaşmaların humanitar yöndə olması, görünür indiki məqamda Azərbaycan hakimiyyətini qane edib.

Eyni zamanda, Azərbaycan cəmiyyətindən Qarabağ məsələsinin həlli yönündə sərt basqıların olmaması, hakimiyyətin bu məsələdə qismən rahat olmasına və Ermənistanın aqressiv bəyanatlarına adekvat reaksiyalar verməməsinə imkan verir. Bu gün ölkədə insan hüquq və azadlıqları, sosial-siyasi məsələlər ətrafında müzakirələr daha öncəliklidir”.

Sonda politoloq hazırkı yerli və regional reallıqlarda mövcud status-kvonun davam etməsinin hər iki hakimiyyətləri hələlik qane etdiyini bildirib.

Səxavət Məmməd

www.yenicag.az

2971
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM