Rusiya bu bölgədə hərbi qarşıdurmanı ALOVLANDIRA BİLƏR

Qrenlandiya və onun ətrafında təhlükəsizliyə nəzarət edən Danimarka çərşənbə günü Rusiyanın aqressiv və hədələyici davranışı nəticəsində Arktikada hərbi qarşıdurma riskinin artacağı barədə xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” Danimarka Kəşfiyyat Xidmətinin hesabatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, təhlükəsizlik gərginliyi Arktikaya yayılmaqda davam edir və Rusiya daha riskli bir yanaşma sərgiləyərək beynəlxalq əməkdaşlığı minimuma endirir.

Hesabatda deyilir: “Rusiya bu regiona üstünlük verir və aqressiv və təhdidedici davranış vasitəsilə güc nümayiş etdirərək, əvvəlki dövrlərdən daha böyük eskalasiya riskini ortaya çıxaracaq”.

Qeyd edək ki, Arktika buzun altında gizlənə bilən və münaqişə zamanı Şimali Amerika, Avropa və Rusiyanın əksər hissəsinə zərbə vura bilən nüvə sualtı qayıqlarının yerləşdirildiyi ərazi kimi böyük hərbi və strateji əhəmiyyətə malikdir. Şimal Qütbü marşrutu həmçinin Şimali Amerika ilə Rusiya arasında ən qısa yoldur.

Bu yaxınlarda Almaniyanın gələcəkdə Arktikada daha fəal iştirak etməyi və Rusiyanın regionda aqressiv davranışına cavab verməyi planlaşdırdığı barədə məlumat yayılıb. Noyabr ayında Birləşmiş Ştatlar Arktikada Rusiya və Çin arasında əməkdaşlığın artmasını diqqətlə izlədiyini və regionda hərbi əməkdaşlıqla bağlı atılan son addımların bəzi “narahatedici siqnallar” verdiyini bildirmişdi.