Rusiya Daxili İşlər Nazirliyi Çeçenistan Fövqəladə Hallar Nazirliyinin rəhbəri Əlixan Tsakayevin Dağıstanın Novolakski rayonundakı Gerzel keçid məntəqəsində saxlanılması ilə bağlı araşdırmanı başa çatdırıb.
Yenicag.az Rusiya KİV-ə istinadən xəbər verir ki, yoxlama nazirin avtomobilini qarşıdan gələn zolaqda idarə etdiyini və onu saxlamaq istəyən zaman polis əməkdaşlarına hücum etdiyini təsdiqləyib.
Yoxlama materiallarına görə, aprelin 14-də Tsakaevin avtomobili qarşıdan gələn zolaqla hərəkət edərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Sürücü dayanmaq tələblərinə cavab verməyib və qaçmağa çalışıb. Çeçenistan Fövqəladə Hallar Nazirliyinin rəhbərinin avtomobili zorla saxlanılan zaman o, nalayiq hərəkətlərini davam etdirərək polisə bir neçə zərbə endirib.
“Hazırda bu faktla bağlı araşdırma başa çatıb, nəticələri əlavə hüquqi qiymət verilməsi üçün İstintaq Komitəsinin istintaq orqanlarına göndəriləcək”, – Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Baş İdarəsi bildirib.
Xatırladaq ki, Əlixan Tsakaev aprelin 14-də Gerzel keçid məntəqəsində saxlanılıb. Çeçenistan rəhbəri Ramzan Kadırov insidenti “biabırçı təxribat” adlandırıb və naziri saxlayan polisin işdən çıxarılmasını tələb edib.
Dağıstanın rəhbəri Sergey Melikov isə cavab verib ki, keçid məntəqəsi federaldır və Dağıstan hüquq-mühafizə orqanlarının yurisdiksiyasına aid deyil./unikal