Akif Nağı: “Bütün aparıcı ölkələrdə, o cümlədən Rusiyada, bu məsələlər qoyulmalıdır”
İsmayıl Ağayev: “Azərbaycan diasporası ermənilərin bu addımına cavab olaraq, Xocalı soyqırımını tanımamağa görə cinayət məsuliyyətinin qoyulmasını nəzərdə tutan qanun layihəsini Dumada qaldırmalıdır”
Bildiyimiz kimi, Rusiyanın Türkiyə ilə münasibətlərinin korlanması fonunda bu ölkənin Dövlət Duması qondarma erməni soyqırımını tanımamağa görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etməyə hazırlaşır. Artıq belə bir qanun layihəsi parlamentə təqdim olunub. Bu fonda Rusiyada yaşayan Azərbaycan diasporasının bir sıra nümayəndələri Dövlət Dumasının rəhbəri Narışkinə məktub da yazaraq, belə bir qanun layihəsinin qəbul edilməsinin yolverilməz olduğunu onun nəzərinə çatdırıblar. Lakin görünən odur ki, sözügedən layihənin qəbul olunmasında maraqlı olan qüvvələr sona qədər getməkdə israrlıdırlar.
Qondarma erməni soyqırımından fərqli olaraq Azərbaycan xalqı genosidə məruz qalıb. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları Xocalı qətliamını həyata keçiriblər. Özü də bu hadisə bütün dünyanın gözü qarşısında baş verib, onunla bağlı canlı materiallar, videolar da var. Belə olan halda qondarma erməni soyqırımını tanımamağa görə Rusiya Dövlət Duması cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edərsə, Azərbaycan hökuməti, Rusiyada yaşayan Azərbaycan diasporu Xocalı qətliamını tanımamağa görə cinayət məsuliyyətinin nəzərdə tutulmasını əks etdirən anoloji qanunun da Dövlət Dumasinda qəbul edilməsi istiqamətində hərəkətə keçməlidirmi?
Yenicag.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Xocalı soyqırımı ilə bağlı sözügedən məsələnin Dövlət Dumasında qaldırılmasının vacib olduğunu söylədi: “Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımı ilə bağlı faktların dünyaya çatdırılması vacibdir. Bütün aparıcı ölkələrdə, o cümlədən Rusiyada, onların parlamentlərində bu məsələlər qoyulmalıdır. Rusiya Dövlət Duması qondarma erməni soyqırımı ilə bağlı qərar qəbul edərək, onu tanıyıb. İndi də orada ikinci mərhələ başlayır, qondarma soyqırımı tanımamağa görə məsuliyyəti nəzərdə tutan qanun layihəsi təqdim olunub. Rusiya bundan da istifadə edərək, Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Azərbaycan da təbii ki, Xocalı soyqırımının tanıdılması istiqamətində Rusiyada da işlər görməlidir. Rusiyadakı Azərbaycan diasporasının əksər üzvləri Dumaya Xocalı soyqırımı ilə bağlı məsələnin müzakirə olunmasını təklif etdilər. Orada belə bir proses başlayıb. Nəticəsinin necə olacağını indidən demək olmaz, amma hər halda Azərbaycan tərəfi bundan bir təbliğat vasitəsi kimi istifadə edir və etməlidir”.
Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev də sözügedən məsələdə Azərbaycanın aktiv olmalı olduğunu bildirdi: “Azərbaycan müstəqil və demokratik dövlət olmaqla yanaşı, qonşuluq prinsiplərini də gözləyir. Rusiya ilə geniş siyasi, iqtisadi əlaqələrimiz var. Burada yaşayan soydaşlarımızın iqtisadi gücünün artırılması istiqamətində də işlər görülür. Ancaq ona baxmayaraq zaman-zaman ermənilər rusların gücünə arxalanaraq torpaqlarımızı işğalda saxlamaqda davam edirlər. Rusiya Dövlər Sumasının qondarma erməni soyqırımını tanımamağa görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu qəbul etməsindən orada yaşayan soydaşlarımız da əziyyət çəkəcəklər.Bu fonda da hesab edirik ki, Xocalı soyqırımını məhz oradakı rus hərbi hissəsinin köməyilə ermənilərin törətdiyi məsələsini qaldırmalıyıq. Onların gücünə ən azından ağılla cavab verməliyik ki, Rusiya və bütün dünya da bizim haqlı olduğumuzu görsün. Türk dünyasının bir parçası olaraq, hesab edirəm ki, Azərbaycan diasporası aktivliyi artırmalı, belə məsələlərdə yaşadıqları ölkədə özlərinə çoxlu tərəfdaş toplamalıdırlar ki, ermənilərlə bağlı olan qərar layihəsi qəbul olunmasın. Azərbaycan diasporası da ermənilərin həmin addımına cavab olaraq, Xocalı soyqırımını tanımamağa görə cinayət məsuliyyətinin qoyulmasını nəzərdə tutan qanun layihəsini Dumada qaldıra bilər, bu mümkündür. Beynəlxalq Diaspora Mərkəzi olaraq biz və Rusiyada fəaliyyət göstərən diaspora təşkilatlarımız indidən bu istiqamətdə həyacan təbili çalmalıyıq ki, Xocalı soyqırımı ilə bağlı da anoloji qanun layihəsinin Dumanın müzakirəsinə çıxarılması və qəbuluna nail olunsun. Rusiya özünü sivil dövlət hesab edirsə, 100 il bundan öncə baş verən və əslində ermənilər tərəfindən uydurulan hadisələrə yox, 24 il bundan öncə özlərinin də gözləri önündə baş vermiş hadisələrə baxaraq, onun barəsində qərar çıxarmalıdırlar. Bu istiqamətdə icmalar arasında kifayət qədər iş aparmalıyıq ki, son olaraq qarşıya qoyduğumuz məqsədə nail ola bilək”.
ELÇİN