Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğvi üçün Ali Məhkəməyə müraciət edib

Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib.

Bu barədə APA-nın Moskva müxbirinin sorğusuna cavab olaraq Rusiya Ədliyyə Nazirliyindən məlumat verilib.

Nazirliyin İctimai Əlaqələr Departamentindən bildiriblər ki, ÜAK fəaliyyətində Rusiya Federasiyasının mövcud qanunvericiliyini pozub: “Rusiya Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən nəzarət-təftiş tədbirləri zamanı ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğu aşkarlanıb. Rusiya Ədliyyə Nazirliyi “İctimai Təşkilatlar haqqında” qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib”.

Qeyd olunub ki, təşkilat pozuntuları aradan qaldırmadığına görə, bu ilin martın 3-də Rusiya Ədliyyə Nazirliyi Ali Məhkəməyə təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün müraciət edib.

Rusiya Ali Məhkəməsi qərarına əsasən, müvafiq məhkəmə işinə aprelin 11-də baxılacaq.

Xatırladaq ki, Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.

Yeniçağ.Az

COP29