“Rusiya Ermənistanı müttəfiq kimi itirməkdən qorxmur” – Peskov

“Rusiya Ermənistanın KTMT-dən çıxmasından qorxmur, iki ölkə tərəfdaş olaraq qalır”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şərq İqtisadi Forumu çərçivəsində jurnalistlərlə söhbəti zamanı deyib.

“Rusiya Ermənistanın yanında olub və qalır, mövcud problemlər dialoq yolu ilə həll edilməlidir. Rusiya Ermənistanı müttəfiq kimi itirməkdən qorxmur”, – deyə o bildirib.

Peskov onu da qeyd edib ki, Ermənistan və ABŞ arasında hərbi təlimlər təhlil edilməlidir. Onun sözlərinə görə, ölkənin onları KTMT ölkələri ilə deyil, ABŞ-la birlikdə keçirmək istəməsi suallar yaradır.

Ermənistanın KTMT-dən çıxması ilə bağlı Peskov bildirib ki, Rusiya müvafiq tendensiyaları görmür.

Bundan əvvəl Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin bildirib ki, Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir. Onun sözlərinə görə, o, bunun üçün  Qarabağdakı vəziyyətdən istifadə edir.

Xuraman Etibarlı