Rusiya “fətullahçılar”a çox ağır zərbə vurdu

gulen_2375675656Rusiyanın “Sarqrad” telekanalında iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhdin qarşısının alınması, bu çevrilişin arxasında duran qüvvələr və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqın geniş dəstəyinə arxalanaraq qiyamçılarla mübarizəsindən bəhs edən “Türkiyə. Çevriliş. 2016-cı ilin iyulu” adlı sənədli film nümayiş olunub.

Rusiyanın ən nüfuzlu politoloq, analitik və siyasətçilərindən biri sayılan Aleksandr Duqinin hazırladığı bu filmdə qiyamın arxasında duran şəxslərin Fətullah Gülənin göstərişi ilə hərəkət edən adamlar olduğu vurğulanıb.
ABŞ-ın Pensilvaniya ştatında yaşayan “Hizmet” hərəkatının lideri Fətullah Gülənin isə təlimatları Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) aldığı iddia olunur.

 

Ultramühafizəkar pravoslav “Sarqrad” telekanalının sahibi, “Katexon” analitik mərkəzinin təsisçisi Konstantin Malofeyev filmdə 2015-ci ilin dekabrında Moskvada Türkiyə ordusunun bir qrup generalı ilə aparılmış məxfi danışıqlardan da bəhs edib. Həmin görüşdə türk generallar deyiblər ki, Rusiyanın Su-24 bombardmançı təyyarəsi Türkiyə ordusunda Fətullah Gülən tərəfdarlarının hazırladıqları və reallaşdırdıqları təxribat nəticəsində vurulub.

“Sarqrad” telekanalının baş redaktoru Aleksandr Duqin isə Türkiyəyə son konfidensial səfərinin təfərrüatları barədə ilk dəfə danışıb. 2016-cı ilin martında Türkiyənin hakimiyyət dairələrinin dəvəti ilə Ankaraya yollanan Duqin orada Rusiya və Türkiyə arasında pozulmuş münasibətlərin bərpası yollarının aranmasına yönəlmiş müzakirələrə qatılmışdı.
“Məhz həmin görüşdə türklər ilk dəfə dedilər ki, Rusiya və Türkiyə arasındakı münasibətlərin korlanmasının səbəbkarları okeanın o tayındadır. Və həmin qüvvələr də Fətullah Güləndən, onun yaratdığı və rəhbərlik etdiyi “Hizmet” hərəkatından, yəni “fətullahçılar”dan yararlanıblar”. Və həmin görüşdə o da vurğulandı ki, Türkiyə xarici siyasət vektorunu dəyişəcək, bundan sonra NATO ilə əlaqələrin maksimum dərəcədə intensivləşməsi əvəzinə Türkiyə, Rusiya, İran və Çin münasibətlərinin inkişafına fikir verəcək”, – Duqin deyib.

O, “Sarqrad” telekanalının birbaşa efirində daha sonra söyləyib: “Gülənin adamlarının “edam siyahısı”nda Ankaranın meri 10-cu adamdı. Birinci adam isə Rəcəb Tayyib Ərdoğan idi. Ümumiyyətlə, Ərdoğanın yaxın ətrafında olan və Rusiyaya münasibətlərində dəyişikliklər edərək Moskva ilə əlaqələrin bərpasını düşünənlərin hamısı Gülənin siyahısında “məhv edilməsi gərəkən” şəxslər sayılmışdılar. Bütün bunlar Türkiyənin yad qüvvələrdən asılı ölkəyə çevrilməsini istəyən adamlara sərfəli idi”.
Duqinin sözlərinə görə, iyulun 15-dən 16-na keçən gecə Rəcəb Tayyib Ərdoğan Marmarisdəki oteldə, istirahətdə idi. Çevrilişə cəhdin başlanmasından bir neçə saat əvvəl ona olayla bağlı xəbərdarlıq olunub.
Duqinin iddialarına görə, çevrilişin hazırlandığı barədə məlumat Ankaraya Suriyadakı Hmeymim bazasındakı rusiyalı hərbçilərin əldə etdiyi kəşfiyyat informasiyaları əsasında ötürülüb: “Çevrilişə cəhd başlananda İstanbulda, hava limanında idim. Həyatımla vidalaşmağa hazırlaşırdım, çünki qiyamçıların niyyətlərinə çatacaqlarını düşünürdüm. Amma sonra yəqin etdim ki, qiyamçılar uğursuzluğa düçardır – onları Türkiyə xalqı dəstəkləməyəcəkdi”.

A.Duqin daha sonra iddia edir ki, Türkiyədə hərbi çevriliş cəhdinə 2 milyard dollar xərclənmişdi.
Maraqlıdır ki, srağagün İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur da sensasion bəyanatla çıxış edib: “Türkiyədə hərbi çevriliş cəhdinin arxasında Ankaraya hərbi dəstək verən, ona “müttəfiq və dost” olduqlarını deyən dövlətlər durur”.
Türkiyədə iyulun 15-də gerçəkləşdirilən və uğursuzluqla başa çatan hərbi çevriliş cəhdinin faktiki rəhbəri ölkənin Hərbi-Hava Qüvvələrinin komandanı, ordu generalı Akın Öztürkdür. Cəhdin ideoloqu isə Fətullah Güləndir.

Çevriliş cəhdindən sonra Türkiyədə təxminən 26 min nəfər saxlanılıb, onların 13419 nəfəri həbs olunub.
“Sarqrad” telekanalı və “Katexon” analitik mərkəzinin faktiki rəhbəri Aleksandr Duqinin bu açıqlamaları və filmi yetərincə maraqlı olaydır. Ən azı, ona görə ki, Rusiyada hakimiyyətə çox yaxın analitik və siyasətçi, geosiyasət məsələlərində Kremlin qeyri-rəsmi məsləhətçisi sayılan A.Duqin həm də “avrasiyaçılıq” ideologiyasının əsas ideoloqlarından biri sayılır.

Ankaraya qəfil səfər

Aleksandr Duqinin çevrilişə cəhd ərəfəsində Ankaraya səfər etməsi gerçəkdən də, maraqlı olaydır. Belə ki, o, Türkiyə paytaxtına adi politoloq kimi yox, Rusiya və Türkiyə arasında münasibətlərin normallaşmasında ən mühüm, önəmli rollardan birini oynamış insan kimi yollanmışdı.
A.Duqinin Türkiyədə nüfuzlu siyasətçilərlə sıx əlaqələri “polişinel sirri”dir.
Hələ 2004-cü ildə o, Rusiya prezidenti Vladimir Putini Türkiyəyə rəsmi səfər əsnasında müşayiət etmişdi. Süleyman Dəmirəlin dəvəti ilə gerçəkləşən həmin səfər zamanı A.Duqin Türkiyədə “Böyük Turan” və “Avrasiyanın vəhdəti” ideyaları arasında simbiozu tapmış, bu ideyaların birliyini transatlantizm və Qərb liberalizmi diktatına qarşı alternativ kimi təqdim etmişdi.
Həmin açıqlamalar sonradan Ankaranın aparıcı, məşhur universitetlərində Duqinin çıxışlarında səsləndi, sonucda da türk dilində dərc olunmuş “Moskva-Ankara oxu” kitabında yer aldı.

A.Duqinin Ankarada mer Melih Gökçeklə görüşməsi də normal olaydır. Belə ki, Duqinin Türkiyəyə səfəri Ankaradakı “Avrasiya Yerli Hakimiyyətlər Birliyi”nin (“Avrasiya Yerel Yönetimler Birliği”, AYYB) Hasan Cengiz və “Vatan” Partiyasının lideri Doğu Perincek tərəfindən təşkil olunmuşdu.

AYYB yetərincə maraqlı strukturdur. İdeoloji zəminində pantürkçülük və avrasiyaçılığın türk variantının durduğu bu təşkilatın lideri Hasan Cengizin dediyinə görə, qurum ilk layihələrini hələ 1990-cı illərdə reallaşdırmağa başlayıb. Amma onun aktivləşməsi Rusiyada neoavrasiyaçılıq ideyalarının geniş yayılmasına təsadüf edir.


Hasan Cengiz çıxışlarından birində deyib: “Türkiyə Avrasiya Birliyinə daha diqqətlə baxmalıdır. Əgər Fransa və Almaniya Avropa Birliyinin iki lideridirsə, bəs onda nədən Türkiyə və Rusiya Avrasiya Birliyində eynən belə iki superdövlət olmamalıdır?!”

Marginallar irəli atılıb

Görünən budur ki, Türkiyə və Rusiya üzləşdikləri çətin situasiyada maksimum dərəcədə ehtiyatlı davranış sərgiləyir, gözləmə mövqeyi tuturlar. Neoavrasiyaçılıq idefiksinin adepti A.Duqin və ya Türkiyədə çoxdan siyasi nüfuzdan düşmüş ultrasolçu Doğu Perincek təki marginal siyasətçiləri irəli atmaqla hər iki tərəf “döyüş kəşfiyyatı” aparır. Axı Duqin və ya Perincek təki şəxslərin açıqlamaları rəsmi strukturları heç nəyə məsul etmir və bu strukturlar istənilən an o bəyanatları qətiyyətlə pisləyə bilərlər.
Digər tərəfdən məhz onların dövlət siyasətinin formal çərçivələri ilə məhdudlaşmamış ritorikaları Moskva və Ankaraya mühüm messicləri səsləndirərək hər iki tərəf üçün həddən ziyadə həssas sayılan məsələlərdə “qırmızı xətlər”in haradan keçdiyini dəqiqləşdirməyə imkan verir.

Məsələn, A.Duqinin “Ankara Suriya ilə bağlı mövqelərinə yenidən baxmağa razılaşarsa, Rusiya kürd məsələsinin həllində Türkiyəyə dəstək verməyə hazırdır” tezisi bir müddət sonra Türkiyə mediasında “iki ölkə arasında strateji əməkdaşlığın inkişafının perspektivləri ilə bağlı Rusiyanın xüsusi təklifləri” kimi şərh olunmuşdu.

Və Türkiyə ilə NATO

Türkiyənin NATO sıralarını tərk edəcəyi ilə bağlı perspektivlərdən danışmaq da tam yersizdir. Rəsmi Ankara Şimali Atlantika Alyansını tərk etməyi düşünmür və bu məsələ heç müzakirə mövzusu da deyil. Məhz NATO hazırda Türkiyəni Avroatlantika təhlükəsizlik strukturlarında saxlayır.
Bəzi siyasətçilərdə NATO ilə bağlı narazılıq tarixi maksimum həddinə çata bilər – amma bu emosiyalar rəsmi Ankaranın konkret, düşünülmüş və soyuqqanlı siyasətinə təsir edən deyil.(milli)