Rusiya geri çəkilir, yoxsa bu bir taktikadır? – Polkovnik açıqlayır

“Rusiyada səfərbərliklə yeni ordu yığılması müharibənin taleyini dəyişə bilər”.

Bu fikirləri Rusiyanın geri çəkilməsi fonunda Ukraynanın bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsinin Kremlin hərbi taktikası olması barədə səsləndirilən iddialara münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.Şair Ramaldanovun sözlərinə görə, müasir silahlarla təchiz edilmiş Ukrayna ordusu hədəfi dəqiq vurur və düşmənə sarsıdıcı zərbələr endirir:

“Rusiya-Ukrayna müharibəsinin qısa vaxt ərzində sonlanacağı proqnozlaşdırılsa da, proseslər əksinin olmasına zəmin yaratdı. Rusiyanın Ukraynanı özünə tabe edəcəyi gözlənsə də, artıq 8 aydır Ukrayna ordusu və xalqı qəhrəmanlıq göstərir. Bununla yanaşı, ABŞ və Avropanın da dəstəyini nəzərə almaq lazımdır.

Uzun sürən uğursuzluqların ardından artıq bir neçə müddətdir Ukrayna ordusu işğal olunmuş bəzi əraziləri azad edib. Bu uğurların arxasında ABŞ və Avropanın Ukraynanı müasir silahlarla təmin etməsi dayanır. Müasir silahlarla təchiz edilmiş Ukrayna ordusu hədəfi dəqiq vurur və sarsıdıcı zərbələr endirir. Lakin Rusiyada səfərbərliklə yeni ordu yığılması müharibənin taleyini dəyişə bilər.

Rus ordusunun bir sıra ərazilərdən geri çəkilməsi və Ukraynanın əraziləri azad etməsi hiylə ola bilər. Bu taktika ilə Ukrayna ordusu mühasirəyə də düşürülə bilər. Azad etmə əməliyyatında hücum edən tərəf kimi Ukrayna çox itki verir. Hücum əməliyyatını xüsusi təlim keçmiş döyüşçülərin yerinə yetirdiyini nəzərə alsaq, bu itkilər çox böyükdür”.

Nəsimi Ələsgərli