Gənc Demokratlar Hərakatının sədri Emin Bəşirli ilə müsahibə
– Azərbaycanla Ermənistan münasibətləri çərçivəsində Rusiya-Azərbaycan əlaqələri necə görünür?
– Hesab edirəm ki, Rusiya postsovet məkanında maraqlarını münaqişə ocaqları yatarmaqla qoruya bilir. Rusiya maraglarını təmin etmək üçün münaqişə yaratmaqdan başqa, digər təşəbbüslər üzərində düşünmür. Cənubi Qafqazda yaradılmış məlum münaqişə Rusiyanın maraqlarını təmin etməyə hesablanmış addımdı. Dağlıq Qarabağ münaqişəsi həm Azərbaycana, həm də Ermənistana təsir vasitəsidir. Məhz ona görə də hər iki ölkədə Rusiyaya qarşı nifrət mövcuddur. Aprel hadisələri dediklərmizi sübut etdi. Baş verənləri bir müddət Rusiyanın seyr etməsi Qarabağ münaqişəsindən öz maraqlarına görə yararlanmağa çalışdığını təzahür etdi. Bu addım Ermənistan cəmiyyətini rəsmi Moskvaya qarşı qəzəbləndirdi. Ermənistan tərəfi düşünürdü ki, etdikləri xidmətə görə Rusiya hətta Azərbaycana qoşun da yeridə bilər. Azərbaycanda da bu cür düşünənlər az deyildi. Amma məlum oldu ki, Rusiya münaqişəni maraqları çərçivəsində idarə edir.
– Rusiyanın mövqeyi bəllidir, Qərb də bəyanat verir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini görmür. Çıxış yolunu nədə görürsüz?
– Qərb ənənəvi yanaşmasına sadiq qalır. İstənilən münaqişədə bu cür bəyanatlar verilir. Bu, şablon bəyanatdır. Qərbin əsas tələbi demokratik dəyərləri qorumaqdır. Düşünürəm ki, Qarabağ münaqişəsinin həlli Azərbaycan cəmiyytinin demokratikləşməsindən keçir. İnsan hüquqlarının kobud şəkildə pozulması, ən sadə demokratik dəyərə əməl olunmaması torpaqların işğaldan azad edilməsinə ciddi əngəl yaradır. Çoxları bunların arasında heç bir əlaqənin olmadığını iddia edə bilər. Amma bu, reallıqdı. Qarabağ məsələsi hər şeydən əvvəl beynəlxalq hüquq pozuntusudur. Azərbaycan da məsələyə bu prizmadan yanaşmalıdır. Amma münaqişənin həll yolu müharibədən də keçə bilər. Ona görə də Azərbaycan hakimiyyəti hazırlıqlı olmalı və xalqı da buna hazırlamalıdır. İşsizlik və brokratik əngəllər, ölkənin bir qrup oliqarx tərəfindən idarə olunması, üstəgəl təhdid və həbslər cəmiyyətdə Qarabağ məsələsini unutduru, ikinci plana atır. Lakin buna baxmayaraq, aprel hadisələri isbat elədi ki, Azərbaycan cəmiyyətini birləşdirə bilən bir arada tuta bilən yeganə amil Qarabağ münaqişəsidir. Hakimiyyət bunu nəzərə almalı, bu prizmadan da yanaşaraq cəmiyyətimizin demokratikləşməsi üçün konkret addımlar atmalıdır ki, Qarabağ münaqişəsi ətrafında formalaşan milli birlik daha sarsılmaz təməllərə sahib olsun.
– Sizcə bunun üçün hansı addımlar atılmalıdır? Belə bir fikir var ki, cəmiyyətimiz demokratik dəyərlərə meyilli görünmür?
– Cəmiyyətdə fərdlər demokratikləşməlidir. Azərbaycan üçün Avropaya intqerasiya və Avropanın demokratik təcrübəsindən yaralanmaq xilasımız üçün ən uyğun seçim ola bilər. İllərlə Rusiyanın təsirində yaşayan Azərbaycan cəmiyyətində intensiv olaraq Avropa haqqında mənfi təbliğat aparılır. İnsanlarda Avropa haqqında ancaq pis və yaramaz düşüncələr formalaşdırıblar. Cəmiyyət fərdlərdən ibarətdir. Fərdlər ayrı-ayrılıqda insan hüquq və azadlığına qarşı biganə yanaşdıqca, cəmiyyətdə demokratik inkişaf ola bilməz. Azərbaycan cəmiyyəti ən kiçik demokratik dəyərə xəyal kimi baxır. Hesab edirəm ki, insan azadığı və hüquqları istiqamətində maarifləndirici tədbirlər təşkil olunmalı və insanlar fərd olaraq demokratiyaya keçid mərhələsini başlamalıdırlar. Hesab edirəm ki, bu zaman cəmiyyət sosial problemlərin və Qarabağ münaqişəsinin həllində çarəsiz qalmayacaq.