Rusiya ilə qarşıdurmadan çəkinənlərin “ARQUMENTİ”: “Ukraynaya yardımların ağırlığını üçüncü dövlətlərin…”
“Əgər Rusiyanın cəbhədə irəlilədiyi bir vaxtda danışıqlara təşəbbüs edilsə, Moskva düşünəcək ki, Ukrayna öz ordusunu toparlamaq üçün vaxt qazanmaq istəyir”.
Bu fikirləri Rusiya-Ukrayna müharibəsinin gedişi və tərəflər arasında sülh ehtimalını dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.
Yusif Bağırzadə bildirib ki, Avropa İttifaqının (Aİ) əsas ölkələri olan Almaniya və Fransa Rusiya ilə birbaşa qarşıdurmaya getmək istəmir:
“Vəziyyət çox gərgindir. Bunun belə olmasının səbəblərində biri də Avdeyevka şəhərinin işğal edilməsidir. Bununla da rusların Odessa və Zaporojye istiqamətində yolları açılmış olur. Digər tərəfdən, Ukraynanın NATO ölkələrindən gözlədiyi döyüş təyyarələrinin və uzaqmənzilli raketlərin verilməməsi də vəziyyəti xeyli ağırlaşdırır.
Bu çərçivədə Almaniya bildirdi ki, Ukraynaya veriləcək uzaqmənzilli raketlərlə Rusiya ərazisinin vurulması onlara ciddi risk yaradır. Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson açıqlama verdi ki, Rusiya çox zəifdir və Krım ərazisini ələ keçirmək olar. Ancaq bunlar sadəcə, deklorativ bəyanatlardır.
Fransa prezidenti Emmanuel Makron açıq bildirdi ki, Macarısan, Çexiya, Sloveniya kimi ölkələr Ukraynaya nəzərdə tutulan yardımı bloklayır. Avropa İttifaqının əsas ölkələri olan Almaniya və Fransa isə Rusiya ilə birbaşa qarşıdurmaya getmək istəmir.
Ona görə də, Ukraynaya yardımların ağırlığını üçüncü dövlətlərin üstünə atırlar. Əgər Rusiyanın cəbhədə irəlilədiyi bir vaxtda danışıqlara təşəbbüs edilsə, Moskva düşünəcək ki, Ukrayna öz ordusunu toparlamaq üçün vaxt qazanmaq istəyir. O baxımdan, yəqin ki Rusiya buna getməyəcək. Eyni zamanda, Zelenski də bəyan edib ki, sülh danışıqları olmayacaq. Belə bir şəraitdə tərəflərin danışıq masasına əyləşmələri real görünmür”.
Səxavət Məmməd