“Ermənistanda hərbi sektorun birmənalı şəkildə Rusiyanın əlində olduğunu nəzərə almaq lazımdır”.
Bu fikirləri Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi İttifaqından ayrılacağı təqdirdə Ermənistanı Rusiyanın mümkün təzyiqlərindən qoruyacaqlarına dair bəyanatını şərh edən politoloq Cümşüd Nuriyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə Ermənistanın KTMT-dən çıxmaqla bağlı irəli sürdüyü təşəbbüsü dayandırmaq şansı yoxdur:
“Çünki bununla “yatmış ayı”nı oyadıb və çox qəzəbləndirib. Bu fonda Ermənistanın Gürcüstan və Ukraynadan dərs almalı olduğu ilə bağlı Rusiyadan müxtəlif bəyanatlar səsləndirilir. Gürcüstanı bir günə çökdürən Rusiya üçün Ermənistanı ələ almaq su içmək qədər asandır. Sadəcə, İrəvanın ya ABŞ, ya da Fransa ordusunu regiona gətirməklə Kremlə qarşı ən böyük səhvi etməsini gözləyirlər.
Ermənistanda hərbi sektorun birmənalı şəkildə Rusiyanın əlində olduğunu nəzərə almaq lazımdır. Bu səbəbdən, İrəvan atacağı addımları gizli saxlaya bilmir. İngilislər isə hər zaman olduğu kimi, yenə də öz ampulalarındadırlar. Aranı qızışdırıb qıraqda dayanırlar. Azərbaycan böyük güclərin Qarabağla bağlı planlarını cəmi bir günə məhv etdi.
Andiçmə mərasimində “bəzi daşlar yerindən oynadı” deyən prezident İlham Əliyevin qoyduğu vurğu məhz ABŞ və digər böyük güclərin planlarının pozulmasına işarə idi. Buna görə müxtəlif yollarla təzyiq altında qalacağımız da şübhəsizdir. Hətta ABŞ-ın Cənubi Qafqazda regionunda Azərbaycanın yaratdığı yeni reallıqlardan sonra qızışmasının səbəbi də məhz budur”.
Nəsimi Ələsgərli