Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Rusiya ilə Türkiyə arasında qarşıdurma üçüncü qüvvələrə, əsasən də ABŞ-a sərf edir” - Rusiyalı politoloq

Rusiyalı politoloq Vitali Juravlyov Yenicag.Ru-ya müsahibəsində Rusiya-Türkiyə münasibətlərini və ABŞ-la Rusiya arasında gərginliyin aradan qaldırılması imkanlarını dəyərləndirib.

– Hazırda əksər ekspertlər bu fikirdədirlər ki, Türkiyə ilə Rusiyanin birgəliyinə yenidən son qoyulacaq. İndiki vəziyyətdə bu iki ölkə arasında münasibətlərin gərginləşəcəyini gözləyirsizmi?

– Bir vaxtlar siyasətdə belə bir termin yaranmışdı: “hava boşluğu”. Bu ifadə hava və su axınlarını ifadə edən hidrodinamika və aerodinamikadan götürülmüşdü. Prinsip etibarilə, bu, reduksiyadır, yəni hər hansı anlayışın bir sahədən digərinə keçirilməsinin vulqar formada sadələşdirilməsidir. Ancaq indiki halda “hava boşluğu” xaosun sinonimidir və mövcud beynəlxalq münasibətləri, həmçinin Rusiya-Türkiyə münasibətlərini adekvat xarakterizə edir.

Çinin şərq sahillərindən tutmuş Qərbi Avropaya qədər Avrasiya iqtisadi inteqrasiya kontekstində bu münasibətlər əla perspektivə malikdir. Bu, meqalayihədir, qlobal geopolitik və geoiqtisadi trenddir. Əsas məsələ bu imkanların nə dərəcədə praktik olmasıdır. Əgər bu əməkdaşlıq sivilizasiya fərqi, yaxud da belə bir ssenarinin reallaşmasında maraqlı olmayan ABŞ-ın siyasi strategiyası ilə praktik hərəkətləri səbəbindən zəifləyərsə, o halda sırf ikitərəfli əlaqələr özünün bütün müsbət-mənfisi ilə ön plana keçəcək.

Bilirik ki, Rusiya ilə Türkiyə arasında ticarət, energetika, turizm və başqa sahələr üzrə əməkdaşlıq üçün böyük potensial mövcuddur. Ancaq eyni zamanda, bu ölkələrin təsərrüfat subyektləri arasında olduğu kimi geopolitik planda da – Krım, Suriya, Cənubi Qafqaz və s. – ziddiyyətlər mövcuddur.

Fikrimcə, Moskva və Ankara üçüncü qüvvələrə, əsasən də ABŞ-a və radikal dindar təşkilatların xeyrinə olan qarşıdurmaya deyil, əməkdaşlığa köklənməlidir. Əgər Rusiya və Türkiyənin siyasi hakimiyyətlərinə regionda siyası sabitlik, ölkələrinin inkişafı lazımdırsa, o halda konstruktiv əməkdaşlıq üçün siyasi iradə göstərməlidirlər.

Onu da nəzərə almaq lazımdır ki, Türkiyə-Rusiya münasibətləri tarixi və siyasi səbəblər üzündən sürətlə qarşıdurma mərhələsinə keçə bilər. Həm Türkiyədə, həm də Rusiyada hadisələrin bu yöndə inkişafında maraqlı olan qüvvələr var. Ancaq bu ölkələr arasında baş verə biləcək müharibənin qalibi olmayacaq. Bu savaş tərəflər üçün faciə ilə nəticələnəcək.

– Rusiya-ABŞ münasibətlərindəki gərginliyi necə qiymətləndirirsiz? Bu vəziyyətdən çıxış yolunu görürsüz?

– Rusiya ilə ABŞ arasında münasibətlərin gərginləşməsi konseptual strateji xarakter daşıyır. ABŞ-ın dünya liderliyini nəzərdə tutan xarici siyasət doktrinası var. Rusiyanın xarici siyasət strategiyası və təhlükəsizlik konsepsiyası isə çoxqütblü dünya modelini nəzərdə tutur. Bu mənada Moskva ilə Vaşinqton arasındakı ziddiyyətlər və qarşıdurma obyektiv xarakterlidir. Mənə görə, Rusiyanın problemi ondadır ki, Moskva Qərbin qlobal dominantlığının zəifləməsi kimi dünyəvi trendi prinsipcə düzgün qiymətləndirsə də, iqtisadi, texnoloji və sosial münasibətlər baxımından buna hazır olmasa belə, suveren siyasət yürütməyə başladı.

Buna görə də situasiya mürəkkəbdir, sosial-siyasi kursun dəyişdirilməsi, idarəetmədə islahatların aparılması, oliqarxiya sistemindən imtina etmək lazımdır. Ancaq siyasi elita öz-özünü radikal şəkildə transformasiya etməyə hazır deyil. Hakim dairələr haqli olaraq, Vladimir Putindən möhkəm yapışaraq, onu sabitliyin təminatçısı kimi görürlər – ancaq bu, inkişafa aparan sabitlik deyil. Trampla ümumi dil tapmağın mümkünlüyü barədə müəyyən ümidlər, illüziyalar vardı. Tramp özlüyündə bir çox mənada Amerika siyasi isteblişmentində alternativ siyasətçidir. Lakin bütün hallarda ABŞ-ın geostrateji maraqlarını əsas götürür və ölkənin siyasi institutlarından ciddi surətdə asılıdır.

Ola bilər ki, Tramp Rusiyadan məsələn, Çinə və İslam dünyasına qarşı istifadə etmək istəyib, amma indiki daxili-siyasi kontekstdə o, bu məqsədini həyata keçirtmək iqtidarında deyil. O baxımdan, hazırda Rusiyanın ABŞ-la münasibətlərinin normallaşma perspektivi yoxdur. Doğrudur, ehtimal etmək olar ki, əgər 2018-ci ildə Putinin yerinə başqa prezident gəlsə, bəlkə də o, münasibətləri normallaşdıra bilər. Hətta başqa bir siyasətçinin də hakimiyyətə gələcəyi təqdirdə, onun qarşısında yerinə yetirə bilməyəcəyi Krım, Ukrayna, “YUKOS” və başqa şərtlər irəli sürüləcək.

Məncə, o halda Qərblə sərt qarşıdurma şəraitində dövlətin mobil idarəetmə formasına keçilə bilər. Belədə, yeni – məsələn, Moskva-Pekin-Tehran konfiqurasiyası yarana bilər. Lakin bütün bunlar qarşıdurma, hətta hərbi toqquşma ilə müşayiət olunan neqativ ssenarilərdir. Əlbəttə ki, ən ideal variant qlobal əməkdaşlığa yönələn kompromis qərarların əldə edilməsi olardı. Bunun üçün qlobal elit qrupların müvafiq dəyərlər sistemi olmalıdır. Ancaq bu, hələlik müşahidə olunmur və kəskin rəqabət, təbii sərvətlər uğrunda mübarizə ideologiyası dominantlıq təşkil edir.

Yenicag.az

www.yenicag.az

297
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM