“ABŞ-ın dəstəklədiyi kürdlər Suriyada proseslərə təsir göstərmək imkanında deyillər”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Türkiyə ilə Rusiyanın İdlib məsələsində anlaşmasından sonra Suriyada gedən prosesləri dəyərləndirən Gürcüstanlı politoloq Vasiko Papava deyib.
Vasiko Papavanın sözlərinə görə, Rusiyanın razılığı olmadan İran və Əsəd qüvvələrinin İdlibə hücum etmək ehtimalı sıfır səviyyəsindədir:
“Moskva ilə Tehran bir sıra regional məsələlərdə eyni mövqedə dayansalar da, burada müəyyən istisnalar var. Məsələn, Suriyadakı proseslərdə də bəzi məqamlarda Rusiya ilə İran “barrikada”nın əks tərəfində dayanırlar. Buna nümunə kimi İdlib ətrafında hadisələri göstərə bilərik.
Əgər Moskva yaxın günlərə qədər İdlibə hücumun tərəfdarı kimi çıxış edirdisə, artıq bu mövqeyini dəyişib. İdlib məsələsinin silahlı həllinə tərəfdar olan İran haqqında isə bunu demək mümkün deyil.
Aydın görünür ki, İran Suriyanın əsas müttəfiqi rolunda görünməyə çalışır və Əsəd qüvvələrinin İdlibə hücumuna tam dəstək verməyə hazırdır. Bu isə öz növbəsində Rusiyanın vəziyyətini mürəkkəbləşdirərdi.
Çünki bu halda Moskvanın regionda öz maraqları olan Türkiyə ilə münasibətləri korlanar, eyni zamanda, İsrailin bu gedişata kəskin müqaviməti ilə üzləşərdi. Tel-Əviv hər şeydən əvvəl İranın Suriyada mövqelərinin möhkəmlənməsinə imkan verməməkdə qərarlıdır. O baxımdan, Rusiyanın razılığı olmadan Əsəd qüvvələri ilə İranın İdlibə hücum etmək ehtimalı yoxdur.
Suriya proseslərinə geniş nəzər saldıqda görürük ki, Qərb ötən illərdən fərqli olaraq, artıq bu ölkədə baş verənlərə təsir imkanlarını itirib. ABŞ hazırda Suriyada müttəfiq kimi seçdiyi kürdləri və bəzi müxalif qruplaşmaları dəstəkləyir. Ancaq bu qüvvələr Suriyada vəziyyəti dəyişmək imkanında deyillər. Bununla belə, ABŞ qeyd olunan qruplaşmalar vasitəsilə Suriyadakı mövcudluğunu saxlayır.
ABŞ indiki situasiyada Suriyada fəallaşmaq üçün tutarlı səbəb – məsələn, Əsəd qüvvələrinin kimyəvi hücumu və s. – gözləntisindədir. Ancaq bu ehtimal da xeyli aşağıdır”.